Evakuasiya , Qaraqan -dan oxuduğum ikinci kitab oldu. Əslində, bir çoxumuzun da bildiyi kimi, Qaraqan çox sadə dildə -hətta məişət dilinə çox yaxın üslubda- yazır. Bu səbəbdən də kitabı oxuyarkən tez müddət ərzində bitirmək mümkündür, amma sizin ona ayırdığınız vaxtdan asılı olaraq bu müddət uzaya da bilər (örnək: mən). A -ya nisbətən sujet xətti daha yaxşı ələ alınmışdı məncə. (Nə vaxtsa bu kitaba da inceleme yazaram yəqinn idk)
Kitabın mövzusundan bəhs edim. (TW: sarkazm, spoyler, tənqid?)
Baş qəhrəmanlar: eqosundan özünü görmək mümkün olmayan, beyin əvəzinə hormonları ilə düşünən, bu yaşda hələ Baykalın nə olduğunu bilməyən 18 yaşlı Fidan və beyin cəhətdən ondan 100-120 pillə yuxarı (nəyə əsasən qərar verdiyimi sorğulamıram bcz məndə də bir az çatmır), ən azından düşünməyi bacaran, aşırı emo vibe aldığım və mənim kimi qulaqlığı qulağından düşməyən, qara papaqlı -olduğunu düşündüyüm- xaker Kənan.
Kitabda əsas hadisələr bir gün məktəbdə həyəcan siqnalı çalınması ilə başlayır. Müəyyən olunur ki, bəs ölkədə fövqəladə hal təyin edilib və evakuasiya prosesi aparılmalıdır. Beləcə, müdafiə tədbiri məqsədilə hamını göy avtobuslara yığıb aparırlar metrostansiyalara. Sözün düzü, ölkəmizdə belə bir sığınacağın olub olmadığından əmin deyiləm. Bunker deyəndə sovet dövründə tikilən, indi də narkomanların ocağı olan o yer ağlıma gəlir (Ulduzda idi deyəsən bilmirəm). Ona görə hər metroya minəndə vaqonun pəncərələrindən baxırdım ki, görüm həqiqətən sığınacağa bənzəyən bir yer, qapı filan görəcəm ya yox. Çox lazımsız məlumat oldu amma hələ də mənə maraqlı olan bir mövzudur. Nəysə
Bilirəm çox kinayəli bir giriş oldu, əslində, bu münasibətim də bir az müəllifin özünə qarşıdır. Elxan bəyin nisbətən eqoist biri olduğunu düşünürəm sözün açığı. Bir çox danışığında minnət hissi sezdiyim üçün deyirəm bunu da. Özünü sanki üstün zəka imiş kimi göstərmə çabaları o qədər də xoşuma gəlmir. Çünki verdiyi məlumatları istənilən adam bir az araşdırsa, öyrənə bilər. Bildiyin bir şeyi başqasına öyrədəndə minnət gözləmək bariz eqoistlikdir məncə. Əksinə, insanları maarifləndirmək, onlara yeni perspektivlər göstərmək olmalıdır məqsəd.
Oxuduğum reportajların birində gördüyüm bu hissəni qeyd etmək istəyirəm; "Yazarkən gənclərə nəsə qazandırmaq haqqında düşünməmişəm. Elədiyimi eləmişəm. Arı bal verəndə düşünmür ki, insanlara sağlamlıq qazandırır. Onun işi bal istehsal etməkdir, edir. Mənim işim yazmaqdır, yazıram. Düşünmürəm ki, bu, insana nəsə qazandırır, ya yox." Məncə bu ifadə ilə o öz rahatına düşkün, eqoist tərəfini daha da aşkara çıxarıb. Çünki mənim düşüncəmə görə yazı sənəti insanları bir araya gətirən və onlara fikir verən, onları düşündürən bir vasitədir. Elə millət hamının yazdığı hər şeyi oxusaydı nə var idi ki... Dediklərinə bəlkə də fərqli aspektdən yanaşıram, çünki müxtəlif formalarda başa düşülə biləcək ifadədir. Amma qeyd etmək istəyirəm ki, yazdıqlarım kiminsə şəxsinə edilən bir təhqir deyil. Mən nə repper Qaraqanı, nə də yazıçı Qaraqanı tanıyıram. Sadəcə bu bir neçə müddətdə oxuyub gördüklərim əsasında düşündüklərimi dilə gətirmək istədim. Buranı da şəxsi düşüncə arxivim olaraq gördüyüm üçün yazmaqdan çəkinmədim. Ümumiyyətlə, mövzumuz bu deyil, qayıdaq kitaba.
Həqiqətən, mövzusu, yəni düşünülən sujet xətti xoşuma gəldi. (2013-cü ildə və müəllif 26 yaşında olanda yazıldığını da nəzərə alaraq yazıram bunların hamısını.) Sadəcə üslub bir az işləri korlayıb. Çünki bəzi yerlərdə dialoqlar filan türk serialına dönürdü elə bil. Amma əmin ola bilərsiniz ki, dördüncü hissə çox əladır. Bu da 173-cü səhifədən sonrasını əhatə edir. Yəni məncə o hissəyə gəlib çatmaq üçün qalan hər qıcıq edən hissəyə göz yummağa dəyər. Hətta kitabı bitirəndən sonra çox maraqlı bir faktla da qarşılaşdım bu reportajların birində. Belə deyirdi: "“Evakuasiya” romanında mən son 150 səhifəni dəyişmişəm. Çünki oxudum və gördüm ki, son 150 səhifəyə insanlar inanmayacaq." Son 150 səhifə əvvəlcədən necə idi bilmirəm, amma yaxşı ki dəyişib. Məncə kitabı daha ideal bir hala gətirib. Xristianlığın necə yaranıb yayılması, qızıl milyard kimi maraqlı faktlar və eləcə də, əvvəllər heç araşdırıb oxumadığım tampliyerlər, freemansory və s. haqqında məlumatlar. Bunlar arasında əlaqə yaradaraq hamısını bir yerdə cəmləşdirmək, hadisələr silsiləsinə daxil etmək heç asan iş deyil məncə. Sadəcə mənə maraqlı gələn bir nöqtə var ki, niyə masonluq haqqında yazılanlar arasında onların əsas simvolu olan "göz"dən bəhs edilməyib. Dediyim kimi, bu haqda çox bir şey bilmirəm deyə mənə qaranlıq qaldı. Hərhalda sujet xəttində müəyyən məntiqsizliyə səbəb olduğu üçün müəllif əlavə etmək istəməyib.
Son olaraq, burada bir neçə şərhə də göz gəzdirdim və gördüm ki, oxucuların çoxu əksinə axır hissəni bəyənməyib. Deyəsən, oxucu kütləsindən olan bəziləri də kitabın üslubu qədər bəsit düşünür. Sırf personaja görə oxuyanlar, nə bilim sevgi macərasına görə oxuyanlar... Nələr nələr gördü bu gözlər. Gözəl millətim heç dəyişməyəcək. Hələ fil qulağında yatmağa davam etsinlər.
Xoş oxumalar diləyirəm