Cəfər Cabbarlının “Sevil” əsəri Azərbaycan ədəbiyyatında qadın azadlığı mövzusunu ən güclü şəkildə gündəmə gətirən əsərlərdən biridir. Yazıçı, Sevil obrazı vasitəsilə cəmiyyətin qadına qarşı qurduğu basqıları, ikili standartları və riyakarlığı ifşa edir.
Əsərdə tez-tez vurğulanan əsas ideya budur ki, qadının boynuna “namus” yükü yüklənir, amma kişi üçün bu anlayış sanki yoxdur. Sevilin dediyi sözlər bu reallığı çox dəqiq ifadə edir:
“Namus! Ha-ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən kimsə sənə namussuz demirdi. Lakin biz... bir parçacıq çörək üçün birinə yanaşdıqda bütün bayquşlar səs-səsə verib: “Fahişə, fahişə” – deyə ulaşırlar.”
Bu fikirlər cəmiyyətdəki ədalətsiz münasibəti açıq göstərir. Əsərin gücü də elə buradadır – o, reallığı gizlətmədən, bütün çılpaqlığı ilə oxucunun üzünə deyir.
Məhəmmədəli bəy – özünü ziyalı kimi göstərməyə çalışan, amma əslində cahil və saxta bir insandır. Onun haqqında Gülüşün dediyi “Özü də, orijinal görünmək üçün nə desələr, zidd gedir. Adını deməyə özüm də qorxuram, birdən boynuna düşsə, öz adını da danar” sözləri onun nə qədər prinsipsiz olduğunu göstərir.
Əbdüləli bəy – müstəqil fikri olmayan, sadəcə hər kəsə yaltaqlanmaqla məşğul olan obrazdır. Yazıçı bu simada düşüncəsiz insan tipini ifşa edir.
Dilbər – özü əxlaqsızlıq etdiyi halda başqalarını qınayan, riyakarlığı ilə seçilən qadın obrazıdır. Onun davranışları, cəmiyyətdə tez-tez rast gəlinən “özünü pak göstərən, amma eyni səhvləri edən” insanları xatırladır.
Gülüş – əsərdə ən realist və kəskin obrazdır. O, başqalarının saxtalığını üzlərinə vurur və onları reallıqla üz-üzə qoyur.
Əsərin əvvəlində deyilən bu cümlə isə bütün ideyanı ümumiləşdirir:
“Həyat yolu uçurum üstündə çəkilmiş dar bir körpüdən keçir. Geriyə yol yoxdur, qayıtmaq olmaz, yol ancaq irəliyədir!”
Cabbarlı burada qadının azadlıq yolunu göstərir: keçmişə qayıdış yoxdur, çünki orada yalnız köləlik və cəhalət var. İrəliyə doğru getmək isə azadlıq və tərəqqi deməkdir.
“Sevil” yalnız bir qadının hekayəsi deyil, həm də bütöv bir millətin azadlıq yolunun simvoludur. Əsər bizə göstərir ki, qadınların üzərinə yüklənən saxta əxlaq qaydaları əslində kişilərin yaratdığı riyakarlıqların məhsuludur. Cabbarlı bu riyakarlığı sərt tənqid edir və qadının öz haqqı, azadlığı uğrunda mübarizəsini önə çəkir.
Cafer CabbarlıSevil