ÜLVİYYƏ TAHİR – “ŞÜKRİYYƏ TALEYİM”
(Təəssürat və düşüncələr)**
Həmişə düşünəndə bu qənaətə gəlirəm ki, bizim bir çox sahələrdə, xüsusilə də Avropa ölkələrindən geri qalmağımızın əsas səbəblərindən biri 1937-ci ilin repressiyalarıdır. O illərdə minlərlə, bəlkə də milyonlarla ziyalımız sürgün edildi, güllələndi, yox edildi. Onlar bizim beynimizi – düşüncə azadlığımızı, maarifimizi, milli özünüdərkimizi əlimizdən aldılar. Nəticədə cəmiyyətin bir hissəsi sanki “mangurtlaşdırıldı” – düşünməkdən, inkişaf etməkdən qorxan, hər çətinlikdə şikayət edən insanlar nəsli formalaşdı.
Ülviyyə Tahirin “Şükriyyə Taleyim” romanını oxuyarkən bu ağrını daha dərindən hiss etdim. Əhməd Cavadın o əvəzsiz istedadı, mübarizliyi, sözə və Vətənə sədaqəti qarşısında kövrəlməmək mümkün deyil. Onların Şükriyyə xanımla yaşadığı sevgi təkcə bir insani hiss deyil, sanki bir müqəddəslik idi – millətə, ideala, azadlığa olan sevgi. Bu insanların çəkdiyi əzabları bir kitab tam ifadə edə bilməz, amma o ağrını hiss etmək, onlara borclu olduğumuzu dərk etmək hər birimizin vətəndaşlıq borcudur.
Biz bu insanları tanımalı, unutmamalıyıq. Şagirdlərimizə, uşaqlarımıza, gələcək nəsillərə bu hekayələri danışmaq, onları maarifləndirmək bizim məsuliyyətimizdir. Çünki keçmişini tanımayan, mübarizəsini bilməyən insan gələcəyini düzgün qura bilməz. Milli himnimizin sözlərini yazan, Cümhuriyyət ideallarını yaşadan bu şəxsiyyətlərin həyatı bizim kimliyimizin əsasını təşkil edir.
Əgər o dövrün ziyalıları sağ qalsaydılar, əminəm ki, bu gün Azərbaycan bir çox Avropa ölkələrindən daha irəlidə olardı. Unutmayaq ki, 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ məhz Azərbaycan Cümhuriyyəti tərəfindən verildi. Bu, həmin ziyalı nəslin düşüncə səviyyəsini, vizionunu göstərir.
Ülviyyə Tahir bu romanında da – “ALJİR”də olduğu kimi – sənədli dəqiqliklə, dərin araşdırma və empati ilə yazıb. O, arxivləri araşdırıb, tarixi şəxsiyyətləri sanki yenidən həyata qaytarıb. Romanı oxuyarkən Şükriyyə xanımı gözündə bir ilahi nur, qürurlu və məğrur bir qadın kimi görürsən.
Mənim üçün bu kitab yalnız bir roman deyil, həm də bir güzgüdür — kim olduğumuzu, kimləri itirdiyimizi və kimlər sayəsində bu gün azad nəfəs aldığımızı xatırladan bir güzgü.
Bu kitabı hər kəsə, xüsusilə də gənclərə oxumağı qəti şəkildə tövsiyə edirəm. Çünki “Şükriyyə Taleyim” təkcə bir sevgi romanı deyil, həm də milli yaddaşımızın dirçəliş çağırışıdır.