·110 syf.····Okunma: 20 Aralık 2025 18:43 Məncə İvan İlyiçin Ölümü sadəcə bir insanın fiziki ölümü haqqında deyil. Bu əsər daha çox ruhun necə tədricən öldüyünü göstərir. İvan İlyiç cəmiyyətin qəbul etdiyi “düzgün” həyatı yaşayır: yaxşı iş, hörmətli mövqe, uyğun evlilik. Amma bütün bunların içində onun həyatı mənasız və boş görünür.
Əsəri oxuyarkən məni ən çox təsirləndirən məqam İvan İlyiçin xəstəliyi ilə birlikdə yalnız qalması oldu. Ətrafındakı insanlar onun ağrısını yox, öz rahatlıqlarını düşünürlər. Hətta ailəsi belə onun ölümünü bir yük kimi görür. Bu isə göstərir ki, sevgi və səmimiyyət üzərində qurulmayan münasibətlər çətin anda tamamilə dağılır.
Mənim fikrimcə, İvan İlyiçin ən böyük faciəsi ölməsi yox, ölümə qədər heç vaxt həqiqi yaşamamış olmasıdır. O, yalnız sona yaxın anlayır ki, yaşadığı həyat başqalarının gözündə “düzgün” olub, amma öz ruhu üçün yalan olub. Gerasim obrazı isə bu yalan həyatın fonunda saflığı və insanlığı təmsil edir. səmimi qayğı, qorxmadan həqiqəti qəbul etmək.
Əsərin sonu mənə həm kədərli, həm də düşündürücü gəldi. Çünki Tolstoy göstərir ki, insan həqiqəti çox gec anlasa belə, bu anlayış onu daxili bir işığa çıxara bilər. Amma sual açıq qalır. bu anlayış üçün ölümə bu qədər yaxınlaşmaq lazımdırmı?
Məncə bu əsər oxucuya səssizcə belə deyir:
“Başqalarının gözündə düzgün görünən bir həyat, sənin üçün mənasız ola bilər.”