10/10
·176 syf.··
Beğendi
·
2026 2. kitabı
Bəzi kitablar vardır, oxuduqda artıq qəlbinə, ruhuna bir məsuliyyət yüklənəcəyini hiss edərsən.Bu kitabı bağlayanda məndə qalan hiss yalnız bir kitab oxumuş olmaq deyildi. Elə bil İmam Hüseynlə (ə) yenidən tanış oldum. Amma bu tanışlıq mərsiyələrin, alışdığımız kədərin içindən deyil, şüurlu bir baxışın, məsuliyyətli bir iman anlayışının içindən gəldi. Musa Sədr bu əsərdə Hüseyni (ə) ağlamaq üçün yox, anlamaq üçün təqdim edir. Kitabın ilk səhifələrindən hiss olunur ki, müəllif Hüseyni (ə) tarixdə donmuş bir şəxsiyyət kimi deyil, davam edən bir missiya kimi görür. “Peyğəmbərin varisi” ifadəsi burada yalnız nəsəb mənasında işlədilmir. Musa Sədr açıq şəkildə göstərir ki, Hüseyn (ə) Peyğəmbərin (s) ruhunun, yolunun və cəmiyyət quruculuğu anlayışının varisidir. Yəni Hüseyn (ə) Peyğəmbərdən sonra sadəcə imam olmadı, Peyğəmbərin yarımçıq qoymadığı, amma təhlükə altına düşən dəyərləri canı ilə qorudu. Kitabı oxuduqca Hüseynin (ə) qiyamına baxışım dəyişdi. Bu qiyam nə ani emosional etiraz idi, nə də məğlubiyyətlə nəticələnmiş bir hərəkət. Musa Sədr Hüseynin (ə) qiyamını şüurlu, planlı və nəticəsi gələcək nəsillərə hesablanmış bir dirəniş kimi izah edir. Burada Hüseyn (ə) “ölümü seçən” deyil, ölümü zülm qarşısında silaha çevirən bir rəhbərdir. Müəllifin ən təsirli cəhətlərindən biri Hüseyni (ə) yalnız dini fiqur kimi məhdudlaşdırmamasıdır. Kitabı oxuyarkən anlayırsan ki, Musa Sədr üçün Hüseyn (ə) — ədalət anlayışıdır, insan ləyaqətidir, susmamağın adıdır. O, Hüseynin (ə) susmamasını təkcə Yezidə qarşı çıxmaq kimi yox, hər dövrdə haqsızlığa qarşı mövqe almaq zərurəti kimi təqdim edir. Bu məqamda kitab səssizcə oxucunu sual qarşısında qoyur: “Bəs sən hansı Hüseyn yolundasan?” Əsərdə diqqətimi çəkən başqa bir məqam da Hüseyn (ə) ilə cəmiyyət arasındakı əlaqənin qurulmasıdır. Musa Sədr Hüseyni (ə) tək qalan bir şəhid kimi yox, oyatmaq istədiyi bir ümmətin vicdanı kimi təsvir edir. Kərbəla burada bir son deyil, başlanğıcdır. Qanla yazılmış bir mesajdır ki, hələ də oxunur. Kitabı bitirəndə hiss etdim ki, bu əsər məni kədərləndirməkdən çox məsuliyyət yüklədi. Musa Sədr Hüseyni (ə) sevməyi sadəcə göz yaşı ilə ölçmür. O, Hüseyni (ə) sevməyi düz yaşamaq, zalıma bənzəməmək, haqqı ucuz satmamaq kimi təqdim edir. Bu kitabdan sonra Hüseyn (ə) mənim üçün yalnız Aşura günü xatırlanan şəxs olmadı. O, gündəlik qərarların içində yaşayan bir meyar oldu. Musa Sədrin ən böyük uğuru da elə budur: Hüseyni (ə) tarixdən çıxarıb həyata qaytarmaq. Bu kitab oxunmur, düşünülür. Və bitəndə insan sakitcə deyir: Hüseyn (ə) hələ də yol göstərir…
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201929 okunma
·
14 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.