·186 syf.··Beğendi
···Okunma: 31 Ocak 2026 00:00 "Yeraltı adamı" X ekzistensial böhran keçirir. Həyatda çaş-baş qalıb, nə istədiyini bilmir. Çox, çox kompleksli, hərdəmxəyal, sərsəm, cəsarətsiz, qorxaq, yeri gəldikcə qəddar, ətrafına nifrət qusan, kasıblığından utanan, aşırı sentimental, daim peşman biridir. Bütün bunlarla bərabər o ağlaya bilir, özü haqqında etiraflar edə bilir, içində mərhəmət hələ də sönməyib. Beynindəki xaotik düşüncələr və zehnində yaratdığı cəhənnəm isə limitsiz görünür, sərhədi yoxdur, daimidir. "Əgər bu obraz mən olsaydım, öz başıma bir güllə çaxardım" cümləsini asanlıqla deyə bilərik. Amma Dostoyevski obrazı qəsdən "öldürmür", onu həyat adlı cəhənnəmlə cəzalandırır. Mənə elə gəlir ki, ədəbiyyat dünyasında intihar edən obrazlara qarşı bir cavabdır "yeraltı adamı". Ona görə ki, var olduğumuz zamanda bütün duyğu və düşüncələrimiz gerçəklik meyarı qazana bilər. Yoxuqsa, hər şey də yox olur. Və bu cür zalım həyatı yaşamaq da, bir növ, cəsarət istəyir. Buradan belə bir sual da çıxara bilərik: əzablara dözməyərək intihar edənlər daha cəsarətlidir, yoxsa bu əzabları çəkərək yaşayanlar?
Əsəri oxuduqca insanın qaşları çatılır. Qəhrəmanın daxili monoloqu insanda qarışıq hisslər - təəssüf, üzüntü, hiddət, qəzəb, həyəcan, tərəddüd doğurur.
Dostoyevski oxuyanlar üslubuna, onsuz da, bələddir; obrazlarının ən qaranlıq tərəflərinin, insanların qarşılamaqdan qorxduğu gerçək sifətlərin axtarışını aparır.
Narahat ruha sahib qəhrəmanın insanlarla münasibətinin qarma-qarışıq olması əsərdəki gərginliyi iki qata çıxarır. Uşaqlıq, yeniyetməlik, gənclik çağlarında aldığı psixoloji, mənəvi travmalar qəhrəmanı daha qəddar edir və bizim əlimizdə onu qınamaq, mühakimə etmək üçün səbəb qalmır. Ya da heç, bəlkə də, ona travma da yaşadan olmamışdı, qəhrəman özü bütün bunları daxili dünyasında yaratmış, bütün cəmiyyəti özünün düşməni elan edərək günahlandırırdı.
Mənə daha çox təsir edən Liza ilə ilkgünkü və sonuncu dialoq oldu.
Hər şey bir qırağa, oxuyarkən keçirdiyimiz narahatlıq, düşünürəm ki, boşuna deyil. Çünki hər birimizin içində bir qədər "yeraltı adamı" yatır və biz bunu etiraf etməmək üçün dəridən-qabıqdan çıxmağa hazırıq.
Məktubları yazan yazıçı "bu ədəbiyyat yox, islahetmə cəzası oldu" deyir. Burada bir islaholunma varsa, o da əsərin təsiri ilə öz içimizdəki "kölgə"mizi (Yunq demişkən) görməyimiz olardı.