Puan vermedi·400 syf.··Beğendi
···Okunma: 23 Şubat 2026 16:48 Kitabın məndə buraxdığı izlərin bir yerdə qalmasını istədiyim üçün) Dilindən yüksək bədii zövq almağıma baxmayaraq, mənim uzun fasilələrlə oxuduğum bir kitab oldu. Dili möhtəşəmdir və əgər tərcümə bir əsər üçün bunu hiss etdirməyi bacarırsa, deməli tərcümə də mükəmməl şəkildə edilib. Elə anlar olur ki, sizin deyəcək bir sözünüz olmur(bəzən olduğu vaxtlar da oldu), ancaq əlinizi çənənizin altına qoyub danışanı heyranlıqla dinlədiyiniz bir söhbət, tanımadığınız insanların xatirələri məsələn, hətta bəzən həmsöhbətinizin sözünü kəsməyə ehtiyat edərsiniz və nə danışır-danışsın sadəcə dinləmək istəyirəm dediyiniz ağır-ağır irəliləyən bir yazıdır bu.
Üç bölümlük kitabın birinci bölümündə keçən saf uşaqlıq xatirələri, anasına olan məhəbbətindəki o uşaq məsumluğu, anasının bircə “şirin yuxular öpüşü”nə yüklədiyi mənanın ağırlığı adamın ürəyini incə-incə elə qırıqlayıb-tökür ki... Və ilk vurğunluq, ilk eşqlə tanışlıq. İkinci bölümdə haqqında danışılan eşq hekayəsi isə bir insanın dəlicəsinə vurulması, alovlanması, müdhiş qısqanclığı və alovu söndürməsi hekayəsi. İnsanın anlamaqda çətinlik çəkəcəyi bir vurğunluq. Elə bir eşq hekayəsi ki, burada eşqin zirvəsinə qalxıb sonra necə enildiyinin qarışıq hisslərlə qrafiki cızılıb sanki. Birinci bölümdə başlayaraq üçüncü bölümdə də davam edən sevginin mərkəzində verilən “Svanın bir eşqi”, yetkin bir insanın hissləri ilə uşaqlıq duyğuları arasında eşqi oxucuya müqayisəli şəkildə çatdırır sanki.