Hamı olmuş heç kim tərəfindən yazılmışdır
10/10
·400 syf.··
Beğendi
·
2026 37. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Mart 2026 22:42
"Gecəyarı Kitabxanası" bizə yaşaya bilmədiyimiz həyatları sorğuladan fəlsəfi və fantastik romandır. Həyatda özümüzə "Əgər o qərarı versəydim, indi harada olardım?" tipli suallar veririk. Bu əsərin də təməli həmin suallardan başlayır. Çox düşündürücü əsər idi, yarım saat oxuyub 2 saat düşünürdüm və araşdırırdım. Soxulcan dəlikləri, çəyirtkələrin intiharı, Eynşteyn-Rozen körpüsü, toxoplasma gondii, lüsid yuxu, zombi siçanlar, multikainat, simlər nəzəriyyəsi, kvant dalğa funksiyası və daha nələr, nələr... O qədər maraqlı anlayışlar çıxdı ki, öyrənmək zövq verirdi və düşüncə baş alıb gedirdi. Bu kitabda, Noranın yaşamadığı digər həyatlarına onunla birlikdə səyahət edirik. Kitabda bir çox maraqlı detallar var. İlk öncə psixologiyadan başlayaq. Gestalt psixologiyasına görə, insan beyni hər şeyi sadələşdirməyə çalışır. Biz dünyanı xaotik hissələr kimi deyil, bütöv, mənalı formalar kimi qəbul edirik. Yəni reallıq bizə olduğu kimi yox, beynimizin qura bildiyi qədər görünür. Əsərdə saatın əqrəbləri nümunə olaraq çəkilir. Əgər saatın işləmə prinsipi haqqında heç bir məlumatımız olmasaydı, ona baxanda saat əqrəbinin hərəkətsiz qaldığını düşünərdik. Burada bizə çatdırmaq istəyir ki, görə bildiyimiz dünya, yalnız dərk edə bildiyimiz çərçivənin içindədir. Hələ dərk etmədiyimiz sonsuz şeylər olduğundan, görə bilmədiklərimiz də sonsuzdur. Biz hər an sonsuz ehtimalların içində yaşayırıq, lakin beynimiz bizə sadəcə bir xətt - indiki reallığımızı göstərir. Kvant fizikasında dalğa funksiyası anlayışı var. Bu, bir zərrəciyin (məsələn, elektronun) eyni anda hər yerdə və hər vəziyyətdə ola biləcəyini göstərən ehtimallar xəritəsidir. Bu vəziyyət superpozisiya adlanır. Ancaq biz ona baxdıqda, yəni müşahidə etdikdə, bu ehtimallar tək bir nəticəyə "yığılır". Buna dalğa funksiyasının çökməsi deyilir. Biz nəyi müşahidə ediriksə, o bizim üçün reallığa çevrilir. Ervin Şredingerin pişiklərlə bağlı eksperimenti bunu izah etmək üçün düşünülüb. O bildirir ki, kvant fizikasında hər bir alternativ ehtimal eyni anda baş verir. Hamısı eyni anda. Eyni yerdə. Kvant superpozisiyası. Qutudakı pişik həm sağdır, həm də ölü. Qutunu açıb onun sağ və ya ölü olduğunu görə bilərsən və hətta qutu açıldıqdan sonra belə pişik ya ölüdür, ya da diri. Hər bir kainat başqa bir kainatın üzərindən mövcud olur. Eyni çərçivədə yerləşdirilmiş milyonlarla şəkil kimi. Kvant fizikasındakı müxtəlif dünyalar interpretasiyasına əsasən eyni anda mövcud olan bir çox paralel kainatlar vardır. Sadəcə kainat şaxələnir. Bu, Multikainat və ya "Çoxlu Dünyalar İnterpretasiyası"dır. Nora hər bir qərar verdikdə, kainat iki yerə bölünür. Birində o, üzgüçüdürsə, digərində qlasioloqdur(buzlaqşünas). Bütün bu ehtimallar eyni anda müxtəlif kvant qatlarında mövcuddur. Bizim də həyatımız belədir. Sağa dönməyə yox, sola dönməyə qərar verdiyimiz hər an, başqa bir ehtimaldan imtina edirik. Amma bu o demək deyil ki, o ehtimal yox olur, sadəcə bizim üçün əlçatmaz olur. Bəlkə də tam yanımızda, digər bir kainatda bizim tamamilə fərqli bir həyatımız yaşanır. Nora müxtəlif həyatları yaşadıqca anlayır ki, heç bir "ideal ehtimal" onu xilas etmir. Çünki dəyişən həyatdır, amma dəyişməyən onun özüdür. Bu da əsərdə gələ biləcəyimiz ən təsirli nəticələrdən biridir. Həyatımız sonsuz ehtimalların içindən etdiyimiz müşahidələrin, verdiyimiz qərarların məhsuludur. Elm bizə, həyat və ölüm arasındakı "boz ərazinin" mistik yer olduğunu deyir. Müəyyən bir xətt var ki, o xətdən o tərəfdə biz artıq bu və ya başqa bir şey deyilik. Ya da hər şeyik. Həm sağıq, həm də ölü. Və hansısa bir məqamda bu iki ölçünün arasında olduğumuz zaman bəzən yalnız, bəzən özümüzü Şredinqerin pişiyi kimi hiss edirik, kvant fizikasının bütün mümkün dalğa funksiyalarında mövcud olan kainatların bir hissəsi oluruq. İndi isə gəlin əsərin elmi-fəlsəfi tərəflərini bir kənara qoyaq. Əsərdə bizə çatdırılan fəlsəfi fikirləri digər kitablarda da tapa bilərsiniz. Lakin bu kitabın əsas özəlliyi ondadır ki, o, həmin fikirləri bizə həm də hiss etdirir. Biz oxuduqca həm də bunları yaşayırıq. Belə olan halda, həmin düşüncələr bizə sadəcə kəlmələrlə deyil, həm də duyğular vasitəsilə çatır və dərin emosional iz buraxır. Noranın gecəyarı kitabxanasına son qayıdışından kitabın sonuna qədər olan hissəni böyük maraqla, birnəfəsə oxudum. Bayaq da vurğuladığım kimi, həyatlar dəyişsə də, insanın dəyişmədiyi gerçəyini burada aydın görürük. Bu isə o deməkdir ki, həyatdan qaçmaq, müxtəlif seçimlərə görə təəssüflənmək, problem və sıxıntılar üzündən həyatdan bezib ondan üz döndərmək kimi vəziyyətlərlə hamımız qarşılaşa bilərik. Lakin Nora bizə öyrətdi ki, əslində yaşamalı olduğumuz həyat, elə hazırda məmnun qalmadığımız bu həyatdır. Ümidsizliyi məğlub etmək, özümüzə inanmaq və potensialımıza güvənmək lazımdır. Nora da bunu dərk etdi: Biz öz həyatımızda istəklərimizə nail ola bilərik və qazana biləcəyimiz nə qədər çox şey var. Sadəcə daxili potensialımızı kəşf etməliyik. Nora bir həyatında rok ulduzu, digərində olimpiya çempionu, bir başqasında isə Nobel mükafatçısı idi. Bunların hamısını reallaşdıran məhz onun özü idi. Yaşamaq üçün sadəcə əlimizdə olanların dəyərini bilməli və onlardan zövq almağı bacarmalıyıq. Nora ilə birlikdə kəşf etdiyimiz digər bir həqiqət də budur ki, biz çox vaxt həyatımız boyu başqalarının xəyallarını gerçəkləşdirərək yaşayırıq. Nəyisə ediriksə, bunu çox vaxt kimlərsə belə istədiyi üçün edirik. Həyatımıza bir baxaq: Görəsən, etdiklərimizin nə qədəri öz daxili istəyimizdən doğub? Nora yaşamağı öyrənə bildi, çünki o, artıq başqalarının xəyalları üçün deyil, öz məqsədləri üçün çalışmağa başlamışdı. O, artıq anlayırdı ki, öz məqsədini izləmək lazımdır və bunun üçün mükəmməl olmağa ehtiyac yoxdur. Bir də təəssüflər var... Qazanmadığımız dostları, görmədiyimiz işləri, evlənmədiyimiz adamları və böyütmədiyimiz uşaqları itirmək çox asandır. Özünü başqa insanların prizmasından görmək çətin deyil və onların səni görmək istədikləri adam olmağı arzulamaq çətin deyil. Sonsuza qədər, vaxtımız bitənə qədər təəssüflənmək çətin deyil. Lakin əsas problem yaşamaq istədiyimiz həyatları yaşaya bilmədiyimizdə deyil. Problem təəssüflənməkdədir. Sıxılmağımıza, əzab çəkməyimizə və həm başqaları, həm də özümüz üçün ən böyük düşmən kimi özümüzü görməyimizin səbəbi məhz təəssüfdür. Nora müxtəlif həyatları yaşadıqca, bu təəssüflərin nə qədər boş olduğunu anladı. Get-gedə bu təəssüflər azaldı və nəhayət bitdi. Beləliklə, onun ölmək istədiyi həyat, yaşamaq istədiyi həyata çevrildi. Çünki o, artıq keçmiş üçün heyifsilənmirdi. Təəssüflənməməli olduğunu dərk etmişdi. Əgər keçmişə qayıdıb qərarlarımızı dəyişmək imkanımız olsaydı və bunun nəticələrini görə bilsəydik, onda anlayardıq ki, təəssüflər bizə əslində boş yerə əzab verirmiş. Mən buna bənzər bir nəticəyə Stiven Kinqin əsərlərində də gəlmişdim. Nə isə, bu qədər danışmağım kifayətdir. Əgər bu kitabı hələ də oxumamısınızsa, hamınıza tələsməyi tövsiyə edirəm. Matt Haig Gecəyarı Kitabxanası
1000Kitap
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,2bin okunma
··
1 +1'leme
·
257 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəl yazmısız
Münasib Niftalıyev
Gönderi Sahibi
Təşəkkür edirəm ☺️ gözəl gününüz olsun 🌸