Məşhur rus yazıçısı Q.Petrovun yaradıcılığı ilə ilk dəfə onun kiçik həcmli, lakin böyük təsirə malik "İdeal müəllim" kitabını oxumağa başlayanda tanış olmuşam. Əsərin əsas qayəsi xalqın, millətin maariflənməsi, cahilliyə qarşı mübarizədir. Bu mövzunu yenidən ön plana çəkmək məqsədilə düşünürəm ki, müəllif "Ağ zanbaqlar ölkəsi" əsərini ərsəyə gətirib (şəxsi fikrimdir və düşünürəm ki, bu əsərlərin hər birini öz süjet xətti və yazılma məqsədinə görə C.Cabbarlının "Almaz" pyesi ilə müqayisə etmək olar).
"Ağ zanbaqlar ölkəsi"ndə günümüzdə öz təhsili, mədəniyyəti və sosial həyatı ilə bir çox ölkələrdən kifayət qədər fərqlənən (hətta deyərdim ki, geridə qoyan), ərazicə kiçik, lakin xalqının, millətinin əzmi sayəsində günü-gündən böyüyən, çiçəklənən və tarix boyunca bir sıra müharibələrdən üzü ağ çıxmış Finlandiyadan söhbət gedir. Başqa sözlə desək, mənası "bataqlıq" anlamına gələn əvvəlki Suomidən..
Əsərin əsas məğzi xalq kütləsinin cahillikdən xilası, ziyalıların yetişdirilməsi və onların əsl ziyalı kimi millətə böyük faydasındadır. Yəni bu gün ölkənin vəziyyəti, onun vətəndaşının ölkəyə nə dərəcədə faydalı olmasından yanadır. Düşünürəm ki, kitab insanı öz işində də vicdanlı olmağa səsləyir: çalışan hər bir həkim, müəllim, mühəndis öz işini layiqincə görməyi bacarmalıdır. Ən çox bəyəndiyim hissə isə kitabın son bölümündəki əslən İsveçrədən olan Pastor Makdonaldın, öz xalqı olmasa belə finlər üçün olan çıxışı oldu. Çıxış zamanı "şər və işıq ruhu"nun əsrlərlə davam edən mübahisəsi haqqındakı əfsanədən söz açması isə əsərə başqa bir ruh verib. Fin xalqını qəflət yuxusundan oyatmağa çalışan yazıçı bununla da insanları bir növ maneələrdən qorxmamağa, daim mübarizəyə səsləyir.
Təsadüfi deyil ki, Türkiyədə Atatürkün oxuyub fikir bildirdiyi, bütün orta və hərbi məktəblərdə mütləq şəkildə tədris olunmalıdır dediyi bu kitab Qurani Kərimdən sonra ən çox çap edilənlər siyahısında yer almışdır.
Uzun müddət idi ki, bu mövzuda əsər oxumaq niyyətində idim və bu kitabı oxuyacaqlarım siyahısına da əlavə etmişdim. Bu gün nəhayət oxuyub bitirdim. Həqiqətən də oxumağa dəyər
Oxumaq istəyən hər kəsə xoş mütaliələr
Ağ Zanbaqlar Ölkəsi