·880 syf.··Beğendi
···Okunma: 31 Mart 2026 15:52 Gəldik çatdıq dünya klassiklərindən birinə. Oxunması ağır, dərk edilməsi zaman alacaq bir kitab. Bəlkə on il əvvəl oxuyacaq gücə sahib olsaydım, bu düşüncələrdə olmazdım və kitabı “böyük eşq romanı” adlandırardım. Ancaq çox heyif ki, "Anna Karenina" mənim üçün bir eşq romanı deyil; bir məsuliyyətsizliyin, eqoizmin və addım-addım gələn mənəvi iflasın tarixçəsidir. Kitabı bitirdiyim an anladım ki, Tolstoyun bu obraz üçün tökdüyü göz yaşları onun günahına haqq qazandırmaq üçün deyil, yaratdığı gözəl bir varlığın öz əli ilə özünü necə "mundar" bir sona sürükləməsinə olan acımasıdır.
Kitabı oxumamışdan əvvəl iki böyük "spoiler" yemişdim ki, bunun biri acı sonluq idi. Ancaq oxuyana qədər nədən bəhs olunduğunu tam bilmirdim. Oxuduqda isə anladım ki, bu kitab başlı-başına bir şah əsər, bir həyat dərsliyidir. Kitabda sevmədiyim tək şey bəlkə də onun adı idi. Bəli, məhz kitabın adı... Əsərdə əslində yeddi əsas obraz var, lakin adına görə insanın gözü məhz Annanı axtarır. 880 səhifəlik kitabda hamı o böyük “eşqi” oxumaq istəyir, lakin digərləri, xüsusilə də Levin daha çox ön plandadır.
Mən kitabları çox sevirəm, amma öz kitabımı kiməsə verməyi əsla sevmirəm. Çünki bilirik ki, başqa əldən qayıdan kitab artıq əvvəlki kimi olmur; ya vərəqi ləkələnir, ya küncü qatlanır, ya da cildi köhnəlir. Mənim üçün Anna obrazı məhz belə bir "kitab" idi. O, əvvəlcə Kareninin rəfində idi, sonra Vronskinin əllərinə keçdi. Amma Anna nə Kareninin o soyuq və quru nizamına, nə də Vronskinin ehtiraslı, amma daxili boşluqla dolu dünyasına sığdı. O, bu iki dünya arasında sıxılıb qaldı və vərəq-vərəq cırıldı. Vronskinin səhvi isə əbədi olaraq ona məxsus olmayacaq bir kitabı arzulamaq idi. Anna əlçatmaz olanda, o cild parıldayanda Vronski şəhvət və sevgi dolu idi. Amma "kitab" cırıldıqdan sonra Vronski onu tozlu rəflər arasına atdı. Hər gün yanından keçdi, onu gördü, amma o tozlar içində Annanın ruhunun necə çürüdüyünü anlamadı. Çünki o, artıq bu kitabı oxumaqdan yorulmuşdu, ondan soyumuşdu.
Mənim tərəzimdə bir qadının ən böyük kimliyi onun analığıdır. Müəllif burada oxucuya göstərmək istəyir ki, ehtirasın dalınca gedib ailəni, övladını, namusunu bir adam üçün arxada qoyan hər qadın bir gün Annanın sonunu yaşayacaq. Əgər bir qadın öz anlıq ehtirasını övladının gələcəyindən üstün tutursa, o qadın artıq ruhən ölmüşdür. Anna relslərin altına o son saniyədə yox, oğlunu bir adama qurban verib arxasına baxmadan gedəndə düşmüşdü. Onun ölümü bir qurbanlıq yox, rəzil bir qisas idi. O, intihar edərkən belə öz uşaqlarını deyil, "Vronski peşman olsun" deyə öz eqosunu düşünürdü. O yuxu səhnəsi isə hər şeyi deyirdi. Anna nə zaman öldü? Relslər altına özünü atdığında sadəcə bədəni dayandı. O, həqiqətən yuxuda gördüyü kimi, qızı dünyaya gəldiyində ölmüşdü. Ürəyi döyünürdü deyə yaşadığını deyə bilmərik, onun ruhu artıq məhv olmuşdu.
Romanın ən uca obrazı mənim üçün Aleksey Karenindir. O, həm ərinin çörəyini yeyib, həm də ona xəyanət edən bir qadını bağışlamaq ucalığını göstərdi. Ona təmiz bir səhifə açdı. Aleksey onlara o azadlığı verməklə əslində ən böyük cəzanı verdi, çünki məsuliyyətsiz insan üçün ən böyük cəza — onun tamamilə azad buraxılmasıdır. Anna isə bu müqəddəs mərhəməti tapdalayıb yenidən eyni bataqlığa qaçdısa, deməli, onun sonu elə başladığı kimi — "mundar" və qaranlıq olmalı idi.
Stepan Oblonski isə bu romanın ən təhlükəli obrazıdır. O, xəyanəti və məsuliyyətsizliyi elə bir "şən", "yüngül" qabıqda təqdim edir ki, cəmiyyət ona nifrət etmək əvəzinə, onunla dost olmağa can atır. Öz heyvani ehtiraslarını təmin etmək üçün uşaqlarının ruzisini klublarda, məşuqələrində xərcəyən bir mənəviyyat oğrusudur. Stepanın Annadan fərqi odur ki, Anna heç olmasa öz günahının altında əzildi, Stepan isə hər gün ailəsini daxildən yeyərək gülümsəməyə davam edir. Stepan kimilər həyatın üzündə "sörfinq" edirlər, vicdanları elastikdir. Levin kimilər isə həyatı bir "yük" kimi çiyinlərində daşıyırlar. Biri həyatın dadını çıxarır, o biri isə mənasını tapmağa çalışır. Tolstoy bu iki obrazla bizə bir ayna tutur: Stiva həyatın nə qədər rəngli, Levin isə insanın ruhunun nə qədər ağır ola biləcəyini göstərir.
Annanın kitabın başlanğıcındakı davranışı da onun manipulyasiya qabiliyyətini üzə çıxarır. Qardaşı Stivanın xəyanətini ört-basdır etmək üçün Dollini yumşaltmağa çalışması tamamilə bir taktikadır. Orada qadın həmrəyliyi yox, qardaşının rahatlığı dayanır. Dolli isə Annanın tam əksidir. O, aldadıldığını bildiyi halda uşaqlarını qorumağa çalışan bir anadır. Dolli dözdüsə, Anna niyə dözmədi? Çünki Dollinin dünyasının mərkəzində öz ehtirasları yox, övladları dayanırdı. O, özünü unudan, amma uşaqları üçün yaşayan bir qadındır.
Vronski və Kitti münasibəti isə bir "ovçu"nun marağı idi. Kitti Vronskiyə aşiq olanda sadəcə parlaq bir cildə aldanmışdı. Amma Levin üçün o, bütün həyatının mənası idi. Vronski ilə Levinin müqayisəsi əslində saxta parıltı ilə həqiqi torpağın müqayisəsidir. Levinin o "sıxıcı" dürüstlüyü əslində sağlam bir mənəviyyatın təməlidir. Kitti də məhz o dürüstlüyü seçməklə xilas oldu. Bu cütlük sübut edir ki, həqiqi sevgi qışqırtılı ehtiraslarda deyil, səssiz fədakarlıqdadır. Anna parıltını seçib kül oldu, Kitti isə həqiqəti seçib yenidən doğuldu.
Sonda Vronskinin müharibəyə getməsi də mənim gözümdə vətən eşqi deyil, mənəvi iflasın qaçışıdır. Mən kitabı bağlayanda Annaya acımadım; mən o qatarın çarxları altında qalan uşaqlığa, saflığa və tapdalanmış mərhəmətə acıdım. Bu romanın sonu sadəcə fiziki bir ölüm deyil, mənəvi bir yaddaşın iflasıdır. İnsan nəfəsini kəsəndə yox, adının kölgəsi başqalarının həyatını qaraltmağa davam edəndə əsl faciə başlayır. Anna Karenina seçdiyi o sonluqla təkcə öz canına qıymadı; o, Kareninlərin soyadını, oğlunun gələcəyini və Vronskinin mənəviyyatını da o çarxların altına atdı. Seryojanın ömrü boyu anasının bu ləkəsi ilə yaşamağa məhkum edilməsi, Vronskinin çəkdiyi vicdan əzabı — bunlar hamısı Annanın "yaşayan" və heç vaxt susmayan səhvləridir.
Mənim baxış bucağımdan Anna dəhşətli dərəcədə eqoistdir. Çünki o, anlıq bir ehtiras naminə adının illərlə rəzalətlə çəkiləcəyinə və əzizlərinin bu yükü daşıyacağına bilərək razı oldu. Bu təmizliyi qurban vermək cəsarət deyil, arxada qalanları düşünməyəcək qədər kor olmaqdır. Bu kitab var olduqca və bənzər xəyanətlər yaşandıqca, Annanın günahı müzakirə olunmağa davam edəcək. Mənim üçün bu hekayə bir eşq dastanı deyil, məsuliyyətsizliyin əbədi qalan ləkəsidir.