"Anna Frankın Gündəliyi" – adını çox eşitdiyimiz, amma hər kəsin ürəyinin çatmadığı bir əsər. Əlimə alanda bilirdim ki, ağır olacaq, amma bu qədər ağır olacağını düşünməmişdim. Anna sadəcə bir qız uşağıdır – oyun oynamaq, dərs oxumaq, sevgilisi ilə görüşmək istəyir. Bunun əvəzində isə o, iki il boyunca bir kitab şkafının arxasında, pıçıltıyla danışmağa məcbur olur, gündəliyini yeganə dostu edir. Onun hər "Kitti" deyə müraciəti, hər ümid dolu sözü, hər ağrısı indi də ürəyimi parçalayır. Ən ağrılısı isə odur ki, sən artıq bilirsən – Anna azadlığa qovuşmayacaq. O, düşərgədə, 15 yaşında, azadlığa bir neçə həftə qalmış öləcək. Amma bu gündəlik onu ölümsüz etdi. Unutmayın, Anna Frank kimi milyonlarla uşaq hələ də müharibələrdə, acından, zorakılıqdan ölür. Onların səsi olmaq bizim borcumuzdur.