Rəşid Nəsirzadənin “Və İstanbul kimisən…” adlı şeirlər kitabını oxuyarkən müəllifin əsasən sevgi, ayrılıq və sənsizlik mövzularına üstünlük verdiyini gördüm. Kitabdakı şeirlər bir-biri ilə emosional baxımdan bağlıdır və ümumi bir kədərli ruh daşıyır.
Mənə görə, müəllifin dili sadə və anlaşıqlıdır. Bu da şeirləri oxumağı asanlaşdırır və oxucu ilə daha tez emosional əlaqə yaradır. Məsələn, “Məni məndə burax, get…” kimi misralar çox sadə olsa da, dərin məna daşıyır. Kitabda ən çox diqqətimi çəkən mövzu sənsizlik və darıxmaq hissidir. Demək olar ki, bir çox şeirdə müəllif ayrılığın yaratdığı boşluğu və ağrını təsvir edir. “Bu ömrümə sənsizlik, gör necə də yaraşır” misrası da bunu açıq şəkildə göstərir. Müəllif bu hissləri müxtəlif obrazlarla -yağış, küçə, qəhvə, xatirələr vasitəsilə ifadə edir. Şeirlərdə tez-tez təkrarlar və sual cümlələri işlədilir. Bu da müəllifin daxili narahatlığını və çıxış yolu tapa bilmədiyini göstərir. Eyni zamanda, şeirlər daha çox daxili monoloq formasındadır, yəni müəllif sanki özü ilə danışır.
Mənim fikrimcə, kitabın güclü tərəfi onun səmimiyyətidir. Müəllif hisslərini olduğu kimi çatdırır və bu da oxucuya təsir edir. Amma bəzi şeirlərdə eyni mövzuların təkrarlandığını da görmək mümkündür. Bu səbəbdən müəyyən yerlərdə oxucu üçün oxşarlıq hissi yarana bilər.Ümumilikdə isə bu kitab sevgi və ayrılıq mövzusunu sevən oxucular üçün maraqlı və təsirli bir şeir toplusudur.
Gənc yazarımıza uğurlar arzu edirəm