Bəzi kitablar vardır ki, oxunmaq üçün öz vaxtını gözləyər. Bu kitab mənə hələ 2021-ci ildə hədiyyə edilmişdi. Lakin o dövrün şərtləri, keçən ilin imtahan qayğıları və digər kitabların sıxlığı arasında bu əsərə bir növ "borclu" qalmışdım. Nəhayət, bu il may ayının ilk kitabı olaraq "İki seçim"i bitirməyin hüzurunu yaşayıram.
Kitab haqqında kiçik bir araşdırma edəndə gördüm ki, əslində çox böyük bir potensiala sahib olsa da, hələ ki, geniş oxucu kütləsi tərəfindən kifayət qədər kəşf edilməyib. Hətta bu platformada belə kitab qeyd olunmamışdı.
Münasib Niftalıyev kitabı əlavə etdiyiniz üçün təşəkkür edirəm.
Kitab 2003-cü il təvəllüdlü gənc bir yazarın qələmindən çıxıb. Belə gənc yaşda tariximizin ən mürəkkəb və qaranlıq məqamlarına — 1905-ci il hadisələrinə, "Difai" partiyasının gizli mübarizəsinə toxunub.
Roman bizi XX əsrin əvvəllərinə, Gəncənin o təlatümlü günlərinə aparır. Avropada təhsil almış Kazım Həsənovun timsalında bir insanın vətən sevgisi ilə şəxsi rahatlığı arasındakı o ağır sınağını izləyirik. Müəllif bizə "vətən sadəcə doğulduğun yerdir, yoxsa uğrunda hər şeydən keçə biləcəyin bir amal?" sualını düşündürür. Kazımın qarşısındakı o "iki seçim" əslində hər birimizin daxili mübarizəsidir.
Tarixi hadisələri sevən, xüsusilə Azərbaycanın milli oyanış dövrü ilə maraqlanan hər kəs üçün bu kitab maraqlı bir tapıntıdır. Nargin adasından tutmuş Alman koloniyalarına qədər maraqlı detallarla zəngin olan bu əsərin daha çox tanınmasını və gənc yazarlarımızın bu cür ciddi mövzulara müraciətinin dəstəklənməsini arzu edirəm.
Gec də olsa, bu kitabı rəfimdən götürüb oxuduğum üçün çox şadam. Əgər siz də həm tarixi, həm də mənəvi dram janrını sevirsinizsə, "İki seçim"ə şans verin.
İki SeçimHüseyn Əlili · Hədəf Nəşrləri · 20201 okunma