·188 syf.··Beğendi
···Okunma: 16 Mayıs 2026 12:10 Qriqoriy Petrovun -Ağ zanbaqlar ölkəsi romanını oxuyub bitirdim.
Əsər Finlandiyanın Rusiya ilə birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edir.
Kitabda Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını ağır durumdan çıxarması yolunda apardığı mübarizəsi ətraflı əks olunur.
Daş-qayadan ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə və cəmiyyət dəyərləri, geridə qalmış sənaye və öz ölkəsini, cəmiyyətini, insanlarını xoşbəxt, mədəni və inkişaf etmiş bir gələcəyə daşımaq naminə mübarizə aparan aydınlar-fədailər...
Əsərin əsas obrazı, qəhrəmanı kimi gördüyümüz Snelman "Xalqın müəllimi" tituluna layiq görülür və bu gün dünyanın ən inkişaf etmiş, ən mədəni ölkələrindən biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur.
Snelman bir neçə ziyalı ilə başladığı işlərə, çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş, aydın-ziyalı yığa-yığa bütün ölkə ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində maarifləndirici çıxışlar, tədbirlər, söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin hər təbəqəsindən olan insanların aydınlanmasına can atan bir obrazdır. Snelman belə düşünür ki, xalqın və cəmiyyətin rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən asılıdır. Onlara siz bu cəmiyyətin, gəncliyin və gələcəyin qurucularısız deyə müraciət edir və əlavə edir ki, mənə özünü həqiqətən müəllim kimi hiss edən, çıxdığımız bu aydın yolda nəyin bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək olanlar lazımdır. Əgər aranızda kimsə özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə, peşələrə yönəlsin, harda cəmiyyətə fayda verə biləcəyini düşünürsə, o istiqamətdə çalışsın.
"Xalqı unutmayın. Siz onların içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan qaçırsınız? Özünüzü onlardan üstün görürsünüz? Bəs bu xalqın firavanlığı naminə siz özünüz nə etmisiniz?".
Biz bu kitabı niyə oxumalıyıq?
- Az bir büdcə ilə səhiyyə, təhsil, ordu və s. sistemlərdə maarifləndirmə, inkişaf və rifaha necə nail olmaq olur - bunu öyrənmək üçün;
Xoşbəxt ailələr necə olur - bunu anlamaq üçün;
Qadın-kişi, valideyn-övlad, məmur-vətəndaş münasibətləri necə tənzimlənir - bunu dərk etmək üçün;
Özünün və başqalarının hüquqlarını necə qorumalısan - bunu bilmək üçün;
Və ən önəmlisi - bir cəmiyyəti, bir ölkənin gələcəyini qranit daşlar içindən qaldırıb xoşbəxt və mədəni insanlar ölkəsinə çevirmək üçün bir vətəndaş kimi məsuliyyət və öhdəlikləri özündə tərbiyə etmək üçün!
Ağ zanbaqlar ölkəsi- Atatürkün göstərişi ilə türkcə nəşri hərbi məktəblərdə dərs vəsaiti kimi tədris edilir.
"Ağ zanbaqlar ölkəsi"nin adı bu gün dünya klassik əsərləri ilə bir cərgədə çəkilir. Ankarada Finlandiya səfirliyinin yerləşdiyi küçə "Ağ zanbaqlar ölkəsi" adlanır.
Uğursuzluq və ya çətinliklərlə qarşılaşanda əsla belə deməyin: “Biz yoxladıq, biz başladıq, biz mübarizə apardıq, amma heç nə alınmadı, kimsə dəstək vermədi. Hər addımda əngəl və düşmənçiliklə qarşılaşdıq” Şər ruh söndürürsə, siz yandırmaqdan usanmayın.Əgər bir dəfə söndürdüsə, ikinci…üçüncü…yeddinci…mininci dəfə yandırın. Yandırmaqdan yorulmayın! Özünüz yananda başqalarını da yandırın, ta ki, ətrafınız aydınlanana qədər. Yorulanda tezbazar uğur gözləməyin! Sizə kinayəli yanaşa bilərlər. Onlarla, yüzlərlə, minlərlə şər ruh parlaq işığınızı söndürmək istəyər, amma siz yanmalısınız! Yanaraq ətrafınızı da alovlandırmalısınız!!!
P.S. Sev! Sev! Sev! Həyatı, həyat verəni, torpağı, daşı, sev o kəsi ki, sənə yol göstərir, səni aydınladır, sənə dəstək olur...Sev o kəsi ki, səni ayağa qaldırır. Yaradanı sev, yaradılanı sev...Günəşi sev..Aydınlan və sənə inanlara yol ol, işıq ol. əsla yorulma, pes etmə, dayanma. Tarix susanları və dayananları bağışlamır..Mübariz ol, özünə, sənə inanlara vətən ol!