“Şərin Qürubu” mənə görə sadəcə fantastik hadisələrin danışıldığı bir kitab deyildi. Oxuyarkən daha çox insanın içində gizlənən qaranlıq tərəfi düşündürürdü. Kitabın atmosferi o qədər mistik və ağır idi ki, bəzi hissələrdə özünü tamam başqa bir dünyanın içində hiss edirsən.
Bu janrda oxuduğum ilk kitablardan biri idi və müəllifin mifologiyanı bu qədər maraqlı şəkildə istifadə etməsi diqqətimi çox çəkdi. Hadisələrdən çox, personajların hisləri və daxili dəyişimi məni düşündürdü.
Ən çox sevdiyim məqamlardan biri obrazların tam yaxşı və ya tam pis göstərilməməsi idi. Çünki real həyatda da insanlar yalnız bir tərəfdən ibarət olmur, hər kəsin içində həm işıq, həm də qaranlıq tərəf var.
Dil baxımından kitab ağır deyildi. İlk səhifələrdə janra öyrəşmək bir az çətin gəlsə də, sonrakı hadisələr maraq oyadırdı və kitab özünə çəkirdi. Bəzi təsvirlər isə gözümün önündə canlanacaq qədər təsirli idi.
Məncə müəllif ilk əsəri olmasına baxmayaraq fərqli və özünəməxsus bir dünya yaratmağa çalışıb və bunu hiss etdirməyi bacarıb. Oxuduqca hadisələrin sonundan çox, kitabın insanda buraxdığı hislər haqqında düşünürsən. Bu isə hər müəllifin bacardığı bir şey deyil.