Xəz Paltolu Madonna haqqında məndə yaranan hiss çox fərqli oldu. Kitab haqqında o qədər gözəl rəylər oxumuşdum ki, böyük bir eşq hekayəsi gözləyirdim. Amma mənə görə bu əsər sevgidən çox, sevgini yaşamağı öyrənə bilməmiş insanların hekayəsi idi. Açığı, kitab məni bir az sıxdı. Çünki sanki bütün əsər boyunca içində çox hiss daşıyan, amma o hissləri yaşamağa və həyata çevirməyə gücü çatmayan bir insanın səssizliyini oxudum.
Hamı Raif Əfəndiyə yazığı gəlir, amma məncə insan təkcə keçmişinin qurbanı olmur. Bəli, ailəsində tam anlaşılmamışdı. Atasının ona qarşı sərt və məsafəli münasibəti, anasının sözləri və davranışları onun ruhunda boşluqlar yaratmışdı. İnsan uşaqlıqda necə qəbul olunursa, çox vaxt böyüyəndə də özünü elə görür. Raif də sanki öz dəyərini hiss etmədən böyümüş bir insan idi. Amma eyni zamanda düşünürəm ki, atası ona müəyyən şərait və imkanlar da yaratmışdı. Təhsil, yol göstərmək, həyat qurmaq üçün fürsət vermişdi. Ola bilər bunlar Raifin ruhuna uyğun deyildi, amma problem yalnız ailədə deyildi.
Məncə Raifin özündə də fərasət çatışmırdı. Çünki insan yalnız həssas olmaqla dəyişmir. Hiss etdiklərini həyata çevirmək üçün iradə, qərar vermək və məsuliyyət almaq da lazımdır. Raif isə daha çox hiss edən, amma hərəkətə keçməyən biri idi. Nə ailəsinin göstərdiyi yolda irəliləyə bildi, nə də öz iç dünyasını inkişaf etdirə bildi. İçində böyük duyğular vardı, amma o duyğuları həyata çevirəcək gücü formalaşmamışdı.
Kitabı oxuyarkən ən çox düşündüyüm mövzu valideyn-övlad münasibəti oldu. Mən düşünürəm ki, hər valideyn əvvəlcə valideyn olmağı və öz övladı ilə tanış olmağı öyrənməlidir. Çox vaxt ailələrdə uşağın valideyni anlaması gözlənilir, amma valideyn də uşağını tanımağa çalışmalıdır. Necə ki tanımadığımız bir insanın xarakterini, zəif və güclü tərəflərini öyrənməyə çalışırıq, eləcə də övladımızın daxili dünyasını tanımalıyıq. Çünki hər uşaq eyni deyil; hərəsinin sevgini qəbul etmə forması, həssaslığı və həyata baxışı fərqlidir.
Xüsusilə yeniyetməlik dövründə həm valideyn, həm də övlad bir-biri ilə yenidən tanış olmalıdır. Çünki insan dəyişir. Uşağın hissləri, qorxuları, düşüncələri dəyişdiyi kimi, valideynin də qayğıları və yanaşmaları dəyişir. Məncə ailədə ən böyük problemlərdən biri insanların “mən səni onsuz da tanıyıram” düşüncəsidir. Halbuki insan bəzən ən yaxın olduğu adamın iç dünyasını heç tanımır.
Bu kitab mənə bir şeyi düşündürdü: sevgisizlik yalnız bir insanın daxilində qalmır, nəsildən-nəsilə keçə bilir.
Anlaşılmayan bir uşaq böyüyəndə özü də insanları anlamaqda, sevgini göstərməkdə və münasibət qurmaqda çətinlik çəkə bilir. Ona görə ailədə sevgi yalnız hiss etmək deyil, qarşındakı insanı həqiqətən tanımağa çalışmaqdır.