Xəz Paltolu Madonna haqqında məndə yaranan hiss çox fərqli oldu. Kitab haqqında o qədər gözəl rəylər oxumuşdum ki, böyük bir eşq hekayəsi gözləyirdim. Amma mənə görə bu əsər sevgidən çox, sevgini yaşamağı öyrənə bilməmiş insanların hekayəsi idi. Açığı, kitab məni bir az sıxdı. Çünki sanki bütün əsər boyunca içində çox hiss daşıyan, amma o hissləri yaşamağa və həyata çevirməyə gücü çatmayan bir insanın səssizliyini oxudum.
Hamı Raif Əfəndiyə yazığı gəlir, amma məncə insan təkcə keçmişinin qurbanı olmur. Bəli, ailəsində tam anlaşılmamışdı. Atasının ona qarşı sərt və məsafəli münasibəti, anasının sözləri və davranışları onun ruhunda boşluqlar yaratmışdı. İnsan uşaqlıqda necə qəbul olunursa, çox vaxt böyüyəndə də özünü elə görür. Raif də sanki öz dəyərini hiss etmədən böyümüş bir insan idi. Amma eyni zamanda düşünürəm ki, atası ona müəyyən şərait və imkanlar da yaratmışdı. Təhsil, yol göstərmək, həyat qurmaq üçün fürsət vermişdi. Ola bilər bunlar Raifin ruhuna uyğun deyildi, amma problem yalnız ailədə deyildi.
Məncə Raifin özündə də fərasət çatışmırdı. Çünki insan yalnız həssas olmaqla dəyişmir. Hiss etdiklərini həyata çevirmək üçün iradə, qərar vermək və məsuliyyət almaq da lazımdır. Raif isə daha çox hiss edən, amma hərəkətə keçməyən biri idi. Nə ailəsinin göstərdiyi yolda irəliləyə bildi, nə də öz iç dünyasını inkişaf etdirə bildi. İçində böyük duyğular vardı, amma o duyğuları həyata çevirəcək gücü formalaşmamışdı.
Kitabı oxuyarkən ən çox düşündüyüm mövzu valideyn-övlad münasibəti oldu. Mən düşünürəm ki, hər valideyn əvvəlcə valideyn olmağı və öz övladı ilə tanış olmağı öyrənməlidir. Çox vaxt ailələrdə uşağın valideyni anlaması gözlənilir, amma valideyn də uşağını tanımağa çalışmalıdır. Necə ki tanımadığımız bir insanın xarakterini, zəif və güclü tərəflərini