Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir.
Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir.
Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”.
Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır.
O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir.
Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”.
Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən