·160 syf.····Okunma: 01 Haziran 2026 01:57 Pyes ilk nəşr olunan zaman böyük senzura ilə qarşılaşmışdı. Pyesin xeyli hissəsi ixtisar edilmişdi. Kitab yalnız yazıçının ölümündən 29 il sonra ixtisarsız nəşr oluna bildi. Bu qədər senzuraya məruz qalmasının səbəbi tənqidçilərə görə bu kitabın Moskvaya qarşı bir böhtan olması idi. Yazıçının kitabda fikirlərini əsas personajın dilində azad şəkildə deməsi tənqidçiləri olduqca narahat edirdi.
Aleksandr Qriboyedovun əsərə "Ağıldan bəla" adını verməsi təsadüfi deyil. Əsərdə təsvir olunan Famusov cəmiyyətində rüşvət, yaltaqlıq, rütbəpərəstlik və yalan normal həyat tərzi kimi qəbul edilir. Belə bir korlanmış mühitdə ağıllı, elmli, dürüst olmaq insanın xeyrinə deyil, ziyanına işləyir. (Yazıçı dekabrist idi)
Dünyanın müxtəlif ölkələrini gəzmiş, savadlı gənc oğlan Moskvaya qayıdır. Səyahətləri zamanı çox şey öyrənir və mütərəqqi görüşlərə sahib olur.
Çatski azad və tənqidi düşündüyü üçün bu cəmiyyətə uyğunlaşa bilmir və onun ağlı, savadı özü üçün bəlaya çevrilir. Əgər o da digərləri kimi kor-koranə itaət etsəydi, cəmiyyətdə asanlıqla yer tapa bilərdi. Pyesdəki obrazlar 2 ayrı sərhəddə dayanır. Biri Famusovlar, digəri isə Çatski. Famusovlar keçmişin əhəmiyyətsiz fikirləri, lazımsız adət-ənənələri ilə yaşayır. Bununla yanaşı, onlar bir tərəfdən də avropalaşmağa, avropalaşmış görünməyə çalışırlar. Çalışırlar demək elə də doğru olmaz bu situasiyada. Anlamadan qəbul edirdilər. Pyesin əvvəlində Famusov və qızı Sofiya olan pərdədə belə bir fikir söyləyir:
"Başa sal, qorusun qoy gözlərini,
Bir də oxumaqdan nədir ki fayda;
Firəng kitabları qoymur o yata,
Rus kitabı dərhal yatırdır məni."
Burada maraqlı bir istehza var. Famusov firəng kitablarının maraqlı olduğunu qəbul etmir, əksinə, bu kitabların gənclərin beynini boş xəyallarla doldurub onları yuxusuz qoyduğunu iddia edərək mütaliəni zərərli bir vərdiş kimi qələmə verir. Özünün isə rus kitabını vərəqləyən kimi yuxuya getdiyini deməklə, əslində öz elmsizliyini və cahilliyini ifşa edir.
Üçüncü pərdədə isə Çatski qəzəblənərək belə söyləyir:
"Haçan qurtararıq yad təsirindən?
Barı, dil cəhətdən bu ağıllı xalq,
Eşidincə bunu dedi birisi:
"Bizim dili Qərbə necə tay tutaq?
Nə deyək madama, madmazalə biz?
Yoxsa sudarınya deyək"- Bir anda
Mənə rişxənd edib gurladı məclis
"Sudarunya! Ha! Ha!"
Qiyamətdir a!
....
İtsər Moskva, istər Peterburq
Bütün Rusiyada hər yer belədir:
Əcnəbi bir kəlmə söz danışdımı,
Bu söz valeh edir hər bir xanımı"
Çatski Qərbin təsirini inkar etmirdi. O dövrün Rusiya aristokratiyası fransız mədəniyyətinə, dilinə və geyimlərinə kor-koranə heyran idi. Çatskinin məqsədi bu milli mənliyi itirmə tendensiyasını dayandırmaq, doğma dilə və mədəniyyətə hörmət qazandırmaq idi.
Famusov cəmiyyəti öz rifahını qorumaq istəyirdi. Buna görə də Çatskini dəli elan edirlər. Çatskinin əksi olan obraz, Molçalin isə Famusov cəmiyyətinin ən ideal fərdlərindən hesab edilirdi. ı: Molçalin-mənliyini, şəxsi rəyini tamamilə itirmiş, rütbə qazanmaq üçün hər kəsə (hətta Famusovun xidmətçisinə və itinə belə) yaltaqlanan biridir. Əsər bir az Cəlil Məmmədquluzadənin Ölülərini xatırladır. Oxunması rahatdır. Ümumilikdə, əsəri bəyəndim.