·464 syf.····Okunma: 12 Haziran 2018 18:35 “İki şəhərin hekayəti” əsəri 15 roman, hekayə və oçerklərin müəllifi, böyük ingilis yazıçısı Ç.Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır. Roman üç kitabdan ibarətdir, iki şəhərdən Paris və Londondan bəhs edir. Mexaniki olaraq əsər iki ölkə arasında hardasa bərabər şəkildə bölünmüşdür. 45 hissədən ikisi İngiltərə və Fransadakı hadisələrin paralelliyini nəql edir, 19 hissəsi İngiltərədə, 24 hissəsi isə Fransada keçir. Ümumilkdə, roman daha geniş bir dövrü, 1757-1794-cü illəri əhatə edir.
Ədəbiyyatşünaslar içərisində romanı "tarixi eşq hekayəsi" adlandıranlar da var. Çünki əsərin süjeti elə qurulub ki, tarixi hadisələr axarında həm də fiziki görünüşünə görə bir-birinə hədsiz bənzəyən iki gəncin (biri fransız, digəri ingilis) Bastiliya məhbusu olmuş həkim Manettin gözəl qızı Lusianı sevmələri hekayəsi də var. Çarlz Darnay ailəsiylə bağları qoparıb İngiltərədə yerləşən aristokrat ailəyə mənsub fransızdır. Sidney Kartonsa həyatdan heç bir gözləntisi olmayan, məsuliyyət hissindən uzaq, tənbəl, alkaqolik, heç kimi vecinə almayan, xoşbəxtliyini tapa bilməyən bir vəkil kimi təsvir edilir. Xarakterləri baxımından bir-birinə tamamən zidd olan bu gənclər eyni qadına aşiq olurlar. Lakin Karton romanın sonunda sevgisini tamam başqa şəkildə bildirir. Həyatında tapa bilmədiyi xoşbəxtliyi məhz fədakarlıq edərək, özünə ölümsüzlük qazandıraraq əldə edir. Yəqin ki, Kartonun sevgisinə platonik eşq deyə bilərik. Çünki Lusiaya hardasa sitayiş edən Karton ona heç vaxt sahib olmamışdır. Roman xristian paradoksuyla bitir. Həyat ölümlə qazanılır. Fədakarlığın mükafatı olaraq Kartona cənnət bəxş edilir.
Bu yerə qədər əksər oxucuların yazacağı təssüratları oxudunuz, çünki əsərdə ən təsir edən səhnə məhz fədakarlıq səhnəsidir. Keçən aylarda yerli yazıçılarımızdan İlqar Kamilin yeni əsəri "Yerlə Göy arasında" romanında bu motivə (fədakarlıq) rast gəlmişdim (Cavanşır obrazı).
🧐 İndi isə "İki şəhərin hekayəti"romanında məni təsir altında saxlayan başqa nüansları qeyd edəcəyəm. Hər zaman ilk təsirləndiyim məsələ əsərlərdəki qəhrəmanların psixoloji sarsıntı vəziyyətləri olur. "İki şəhərin hekayəti" romanında da Dikkens iki obrazın psixoloji ruh sarsıntısını böyük ustalıqla təsvir edib. Onlardan biri 18 il günahsız yerə Bastiliya qalasında həbsdə yatmış və ruhi sarsıntısını ayaqqabı tikməklə (bu simptomun zamanla gedib gəlməsini roman boyu görürük) yüngülləşdirməyə çalışmış həkim Manettedir. Digəri isə uşaqlıqdan Evremonde qardaşlarının yox etdiyi ailənin qızı olaraq intiqam hissiylə aşıb-daşan, heç cürə bu hissindən vaz keçməyən, sıxıntılarını hörgü hörməklə yüngülləşdirməyə çalışan (eyni zamanda ağlında tutduğu öldürəcəyi insanların adlarını hörgüsünə həkk edirdi), mərhəmət hissini itirmiş xanım Defarqe idi. Bu iki obrazla bağlı təsvirləri oxuduqca ruh halları gözlərimdə canlanır və Dikkensin belə incə məsələlərə toxunması yazıçının psixoloji biliklərinin də yüksək olması düşüncəsinə gətirirdi. Stefan Sveyqin "Üç böyük usta"dan birinin niyə Dikkensi seçdiyini daha yaxşı anladım. Həmin esselər kitabını da tezliklə oxuyacağam.
Həqiqətən klassik əsərlərin yeri başqadır. Oxucunu bir müddətlik real dünyadan qoparıb romanın öz dünyasına itələyir və sən də qeyri-ixtiyari roman qəhrəmanlarıyla birlikdə hadisələrin içində yaşayırsan. Çarlz Dikkens şah əsəriylə bu effekti yarada bilən yazıçıdır. Böyük maraqla oxudum və zövq aldım.
Xoş mütaliələr!
@mumogluceylan (instagram)