Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim.
Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.(((
Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır.
SPOİLER:
Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır.
Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir.
Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan qayınanasına qarşı amansız davranaraq onun özünün evdən uzaqlaşmasına müvəffəq olur.
Əri tərəfindən küçəyə atılan Nazan nə edəcəyini, hara gedəcəyini bilməyərək saflığını kimsəsiz küçələrdə itirir. Ətrafdakıların ağır baxışları altında əzilən qadın öncə təcavüzə uğrayır, ardından dost dediyi insanın ucbatından həbsə düşür və həbsdə yüngül həyat keçirməyə başlayır. Sağlamlığı məhv olur.
Həbsdən çıxdıqdan sonra isə artıq həyatda tutuna bilməyərək intiharı seçir.
Kitab cəhalət, xurafat, köhnə fikirlərlər, cəmiyyətin təqibi ilə yaşayanlarla dolu bir ortamı, şiddəti, qaynanasına, ərinə söz deyə bilməyən bir qadının uçurum dolu həyatını, cəmiyyətin bütün çirkinliklərini təsvir edib. Nazana, onu əzdirən ərinə, yetim böyüyən uşağına, təhsilsiz cəmiyyətə, dedi-qodunu yayan qonşulara hansına daha çox üzüldüm, bilmədim??..
P.S. Kitabla qalın. Həyatda nə istədiyinizi bilin və ancaq bildiyiniz doğrular üçün mübarizə aparın. Heç kim sizin həyatınızı, sizin yerinizə yaşamır. Həyatınıza səssiz seyrci olmayın.Lazım gələndə üsyan edin, danışın, mübarizə aparın amma hər deyilənə, hər əmrə boyun əyməyin.Nazan olmayın..Heç kimdən maddi-mənəvi asılı olmayın. Ərlərinizin, qaynanalarınızın sizin həyatınıza müdaxilə edib onu istədikləri kimi yönləndirməsinə səssiz qalmayın və buna əsla izn verməyin..Sözünü deyə bilən qızlar yetişdirin. Seçimini özü edən və yıxılanda ayağa qalxa bilən...MƏN-inizi itirməyin, özünüzü itirməyin..Seçin , yaşayın, sevin əsla həyata məğlub olmayın. O məğlubları sevmir və onlara əsla acımır...