Bir müddətdir daha ağır və dərin əsərlər oxuduğum üçün məni yormayacaq, axıcı, maraqlı süjet xəttinə malik bir kitab axtarırdım. Elə buna görə də “Böyürtkənli qış” mənim üçün uğurlu seçim oldu.
Kitabın ən güclü tərəfi onun oxunaqlılığıdır. Bəzi əsərlərdə oxucu hadisələri irəli aparmağa çalışır, amma burada əksinə, süjet insanı öz ardınca aparır. Hadisələrin necə inkişaf edəcəyini öyrənmək istəyi kitabı rahatlıqla və maraqla oxumağa kömək edir.
Bununla belə, əsəri çox dərin və ya olduqca güclü psixoloji roman adlandırmazdım. Xarakterlərin bütün emosiyaları və daxili dünyaları çox dərindən işlənməyib. Oxucunu sarsıdan və ya uzun müddət düşündürən əsərlərdən biri deyil.
Amma məqsədiniz ağır mövzulardan bir qədər uzaqlaşıb maraqlı, yüngül və axıcı bir kitab oxumaqdırsa, “Böyürtkənli qış” bu baxımdan yaxşı seçimdir. Vaxtı xoş keçirmək və maraqlı bir hekayəyə qərq olmaq istəyən oxucular üçün tövsiyə edə biləcəyim bir əsərdir.