·392 syf.··Beğendi
···Okunma: 20 Haziran 2026 19:02 Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük.
Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir)
Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər.
Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır.
Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir.
Mənim fikrimcə, “Tehranın damları”nın ən güclü tərəfi sevgini sadəcə iki insan arasındakı duyğu kimi göstərməməsidir. Burada sevgi, dostluq, azadlıq, itki və ümid bir-biri ilə iç-içədir. Paşa və Zari qovuşa bilməsələr belə, onların sevgisi Paşanın daxili dünyasının formalaşmasında böyük rol oynayır.
Romanın sonunda Paşa artıq əvvəlki xəyalpərəst yeniyetmə deyil. Yaşadığı hadisələr ona göstərir ki, böyümək yalnız yaş almaq deyil; ağrını qəbul etmək, itkilərlə yaşamağı öyrənmək və bütün çətinliklərə baxmayaraq ümidini qorumaqdır.
Nəticə olaraq, Mahbud Siraci “Tehranın damları” əsəri ilə bir gəncin böyümə hekayəsini, sevginin insanı necə dəyişdirdiyini və azadlıq arzusunun insan ruhundakı yerini təsirli şəkildə qələmə aldığını düşünürəm. Bu roman mənə görə, insanın ən böyük sınaqlar qarşısında belə öz daxilindəki ümid işığını qorumasından bəhs edir.