“ – Neçənci mərtəbəyə qalxdı ?
Zaur:
– Altıncıya,- dedi,- başımı verərəm ki, səhv etmirəm öz gözlərimlə görmüşdüm 6 rəqəmini...Amma bina da beşmərtəbəlidir axı...
Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil, baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi:
– Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...”
Sadəcə bir cümlə əsərin məğzini ifadə edə bilərmi? - deyənlərin suallarının cavabıdır bu...
Bir cəmiyyət, hansıki sərhədərlə, qaydalarla, yazılan və yazılmayan qanunlarla əhatəlidir. Və hansıki bu qaydalar iki sevən gəncin həyatını müəyyən edəcək dərəcədə əhəmiyyətlidir. Bəs cəmiyyətin normalarını kim müəyyən edir? Doğru və yanlış kimə görə dəyişir? Öz ayaqları üzərində durmağa çalışan bir qadın mütləq şəkildə “yüngül”mü olmalıdır? Həqiqətən bu qanunlar iki ürəyi birləşdirən sevgidən dəyərlidirmi? Ya bir münasibətdə sevmək bəs deyilmi?
Azad cəmiyyət nədir bəs? Adət-ənənələri görməzlikdən gəlməkmi ya sərhədsiz sərbəstlikmi?
Həm Azadlıq veriləndə belə hamı özgür olmur ki...
Bu əsəri sadəcə faciəli sonluqla bitən eşq tarixçəsi adlandırmaq da doğru olmaz. Bu roman 70 illik sosializmə baxmayaraq sovet cəmiyyətinin dərin burjua mahiyyətini göstərir. Bir tərəfdə köhnəlmiş mənəvi dəyərlər var, digər tərəf də isə məğlubiyyətə düçar olan bir məhəbbət.1
Maraqlısı ondan ibarətdir ki, Ştefan Proysun Almaniyada nəşr olunan “Goslarsche Zeitung” qəzetinin 16 may 1989-cu il tarixli sayında bu əsər haqqında yazını “Şərqdə məhəbbət” adlandırmışdır.
Bu əsərin iki baş qəhrəmanı var, iki sevən ürək; Təhminə və Zaur...
Təhminə - azad olmayan cəmiyyətin azad qadını idi. İnamları olan, özünü təsdiq etmiş və bunun üçün çaba sərf etmiş, gözəlləşməyin yolunu sevgidə görən qadın idi... “Mənə rəqs etməyi öyrət, dolaşır ayağım yaşadıqca” deyən Əli Xəyyama istinad edərək demək olar ki, Təhminənin bu qədər güclü xarakter olmasının səbəbi yaşantıları və ondan qazandığı təcrübələrdir. Elə bir cəmiyyətdə yaşayır ki, bu qadının özünətəsdiqinə “yüngüllük” olaraq baxılır. Təhminə öz sevgisindən bixəbər olan birinə vurulan qadın idi... Təhminə tək qanadla uçmağa çalışırdı... Mövcud şəraitin fərqində olan biri idi. O, əslində, fərqində idi mindiyi gəminin su aldığının... niyyəti sevdada boğulmaq olan biri üçün gözlənilən nəticələr idi bunlar...
Əsərdə Təhminənin səssiz haraylarını görürük bir neçə dəfə; “ – Eşitməyibsən, aşıq deyib: nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin” , “birdən bir səhər yuxudan durarıq,görərik ki, bir qəlbdən min qəlbə aşiq olmuşuq bir-birimizə. Hər halda ikimizdən birimiz, tutalım elə mən, aşiq oldum sənə, vuruldum. Onda necə olsun?...” – deyəndə, əslində, səssizcə öz eşqini elan edirdi Zaura. Səbəbsiz deyildi Təhminənin “Səndən mənə yar olmaz”, “Pəncərədən daş gəlir”, “Girdim yarın baxçasına”, “Laçın” , “Küçələrə su səpmişəm” mahnılarına qulaq asması... Elə bil qəlbinin ən dərinliyində gizli saxladığı hissləri ifadə edirdi bu musiqilər...
Təhminə hər şeyə sinə gərdiyi sevgisinin daşıyıcısının ona inamsızlığına da bələd idi. O səbəbdən idi, bəlkə də, “mənə inan” sözünü tez-tez təkrarlaması... Bəlkə də, hüzur tapmaq üçün başını yasladığı bu çiynin inamsızlığı digərlərinin böhtanlarından daha çox incidirdi onu. Bütün çətinliklərə Zaurun sevgisinə görə qatlaşmırdımı?
Nə qədər Zaur bəzi hadisələrin fərqində olmasa da, Təhminə bilirdi, bilirdi ki, yaşadıqları təkrarolunmaz bir hadisədir. Həyatın onlara hədiyyəsidir...
Zaur... Özünü, yaşamaq çətin olan bu cəmiyyətdə hələ də təsdiq etməmiş gəncdir...
Zaur “balıqqulağı”na bənzəyir müəyyən qədər. Dənizdəmi olsun,sahildəmi qalsın qərar verə bilmir. Gec də olsa anlayır ki, ehtiras olduğunu düşündüyü əslində sevgi imiş... həm də elə bir sevgi ki, Zaurun öz “mən”inin təsdiqinə və inkişafına kömək edir.
"Əslində, həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı və başqalarına anlatmaq məharətidir" - deyir Q.Q.Markes "Anlatmaq üçün yaşamaq" romanında. Zaur həyatın sürətli axarında, qarışıqlığında durduqda, baxdıqda bu anların Təhminə olduğunu anlayır, gec də olsa...
Zaur qəlbi başqası üçün döyünərkən biriylə həyat qurmağı seçir. Bununla da, həm özünə, həm Təhminəyə, həm də Firəngizə haqsızlıq etmiş olur...
Düşünülür ki, sevgi fiziki və hissi olaraq ehtiyacların qarşılanmasıdır. Desslerin bir cümləsi vardır; “İnsan çox vacib səhv edərlər. Sevdiklərinə verdiklərini zənn edərlər. Ancaq əslində olan verdikcə sevdiyimzdir”. Təhminənin Zaura verdiyi bütün əziyyət, tənqid, təhqir və böhtanların qarşısında saf sevgi və üzündəki müəzzəm gülüşü olurdu hər dəfə...
Sonda isə, Təhminənin o silləni yeməsinin səbəbi Zaura da məlum olan bəzi həqiqiətləri ifadə etməsi, ona güzgü tutması oldu. Zaur o sillə ilə özünü göstərən güzgünü qırmaq istədi sadəcə...
Asif Atanın (Əfəndiyev) fikrincə, əzəli imkanın gerçəkləşməsinə mühit mane olur. Mühitə qarşı dayanmayınca, mühitdən ayrılmayınca, imtina etməyincə – imkansızlıq aradan qalxmaz. Qəfəs qırılmalıdır, sədd götürülməlidir, bunun üçün qüdrət gərək! İmkansızlıq - əslində qüdrətsizlikdir, qüdrətsizlər “altıncı mərtəbələrinə” çata bilmirlər, çünki mühitlə bağlılığı qıra bilmirlər. Adamlar yarımçıq yaşayırlar, çünki yarım iradə sahibi olurlar, imkan – daxili təkan tələb edir, daxili təkan –qüdrət...