- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və
ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq.
Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə
mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can
versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm.
Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki
sabahını düşünən adam ürəkli olmaz.
Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini
heç bir vaxt unutma”. Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və
birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə,
amma siyasətə qarışma.
Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə,
fikrimcə, siyasi bir problem deyildi....