Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

211 syf.
6/10 puan verdi
·
8 günde okudu
Herman Hessenin özünü axtaran qəhrəmanı
Povesti oxuyarkən də yazıçının psixoanaliz müalicəsi təsirində olması, Yunq psixologiyasının əsərdəki hadisələrin təsvirində böyük rol oynamasını görmək mümkündür. XX yüzilliyin ən populyar alman yazıçılarından biri olaraq qəbul edilən Herman Hesse bu populyarlığı şeirlərindən çox romanları ilə əldə edib. Etiraf etməliyik ki, Hessenin hansı romanına toxunsaq ordan yeni biliklər öyrənmədən çıxmamışıq. Romanlarının öyrədici tərəfiylə yanaşı yazıçının emosional fərdi tərəfi də mətnlərinə ağırlıq qazandırıb. İkinci Dünya müharibəsi öz yaraları ilə də bu dövr yazıçılarının bəşəri faciələrin kökündə dayanan problemləri dərindən araşdırmağa sövq etmişdi. Daxili dünyanın həqiqətlərinin xarici dünya həqiqətlərindən üstün tutan Hesse bu mövqeyi qəlibləşmiş burjua həyatına qarşı yönəlmişdi. Bu səbəbdən yaratdığı qəhrəmanlar öz dövrlərinə ayaq uydurmaq əvəzinə öz içlərinə, öz şəxsiyyətlərini axtarmağa, tapmağa və inkişaf etdirməyə yönəliblər. Əksər yazıçılarda olduğu kimi Hesse də qəhrəmanlarını yaradarkən öz həyat təcrübəsindən yola çıxıb. Yazıçının ədəbi şəxsiyyətində öz keçmişinin təsirini görməmək mümkün deyil. Öz həyatında keçdiyi mərhələlər və daim axtarış içərisində olması romanlarında da əks olunub. 1877-ci ildə Almaniyada anadan olan Herman Hesse dindar ailəsinin inadcıllığına rəğmən ilahiyyat məktəbini tərk edərək əvvəlcə kitab dükanında işləyib, daha sonra ən çox xəyalında olduğu işə – yazıçılığa başlayıb. O həm də məşhur missioner və leksikoqraf, əksər hind dillərində sərbəst danışan, sanskrit dilində yaradılmış mədəniyyət abidələrinin birincilərindən sayılan Herman Hundertin nəvəsidir. Hesse hind mədəniyyəti ilə uşaq yaşlarından tanış olub, ona dərin məhəbbət və hörmət ruhunda tərbiyə alıb. Sonralar bu rəğbət ciddi marağa çevrilib, Şərq fəlsəfi fikrinin irsini dərin və yaradıcı şəkildə Qərb mədəniyyətinin nailiyyətləri ilə üzvi əlaqədə öyrənməyə yönəlib. "Demian" povesti 1917-ci ilin oktyabr və noyabr aylarında bir neçə həftə ərzində yazılan əsərdir. Hesse bu əsərini yazarkən ciddi müalicədən yeni çıxmışdı. 1916- cı ildə atasının ölümü ilə başlayan psixoloji narahatlıqlar həyat yoldaşı Mariya ilə yaşadığı ailə problemləriylə əvəz olununca bu narahatlıqlar daha da artmış və nəticədə psixoanalzi müalicəsinə başlayır. 1916-cı ilin aprel ayında psixoloq Karl Qustav Yunqun tələbəsi Cozef Bernharddan psixoanaliz müalicəsi almağa başlayır və müalicə 1917-ci ilin noyabr ayına qədər davam edir. Hesse bu müddət ərzində 72 dəfə Karl Yunqun tətbiq etdiyi psixoanaliz seansına girir və nəhayət, düşdüyü depressiyadan xilas olmağı bacarır. Povesti oxuyarkən də yazıçının psixoanaliz müalicəsi təsirində olması, Yunq psixologiyasının əsərdəki hadisələrin təsvirində böyük rol oynamasını görmək mümkündür. Hessenin qəhrəmanı Emil Sinclair dünyagörüşünü genişləndirərək öz məni ilə əlaqə yaratmaq üçün bir sıra daxilə yönəlmiş axtarışlar edir, öz içindəki nizamsızlıqları anlayıb onları düzəltmək üçün səy göstərir. Bəzi araşdırmaçılara görə "Demian" povesti yazıçının öz gənclik illəri ilə psixoanaliz yolu ilə apardığı ilk müsahibədir. Çünki yazıçı bu öyrədici povest tərzində qələmə alınmış əsərində nevrotik qorxular içərisində qıvrılan uşağın dövrünün problemlərindən necə baş çıxardığını oxucuya çatdırmaqdadır. Bu Yunq psixologiyasında fərdiləşmə prosesi və bu prosesin insan həyatında bir-birinə bağlı hadisələrin həyata keçməsinin nəticəsi kimi göstərilən iddiaya uyğun gəlir. Hessəyə görə ən əsas məsələ nə dövlət, nə cəmiyyət, nə də kilsə deyil, təkbaşına insan, şəxs, qəlibə girməmiş fərddir. Beləliklə, "Demian" povesti Hessenin əvvəlki əsərlərindən kəskin fərqlənir. Yazıçının yaradıcılığında yeni dövr, psixoloji dərinlik ölçüsünün olduğu dəyişmə dövrü başlayır. Əsər boyu geniş simvollarla qarşılaşırıq. Burda təkcə Yunq psixologiyasının mərkəzində olan simvol qavrayışının təsirini görmürük, həmçinin yazıçı tarixi miflər və simvolların yolu ilə insan həyatının şəxsi inkişafını izah edərkən bir tərəfdən də müharibə dövrü yaşamış gəncliyə yaradıcı mesajlar ötürür. Herman Hesse özü 1922-ci il tarixli bir məktubunda "Demian" əsəri üçün "Bu kitab bir individuallaşma prosesini, bir şəxsiyyətin formalaşmasını vurğulamaqdadır", deyə bəhs etmişdi. Povestdə hadisələr qəhrəman Emil Sinclairin uşaqlıq dövrünün nəqli ilə başlasa da əsər boyu bütün zaman kəsiyi gəncin iyirmi yaş dövrünə qədər davam edir. Sinclair Demianla rastlaşdıqdan sonra mənliyini axtarma yolunda ilk qığılcımı almış olur və mənlik axtarışı yolu da bu andan etibarən başlanmış olur. Demian vasitəsilə Sinclairin düşüncə dünyasına qapılar açılır. Ətrafındakı insanların fərqində olmadıqları şeyləri Demiandan öyrənən dindar ailənin uşağı Sinclair sürətlə dəyişməyə başlayır, ailəsindən və sosial əhatəsindən uzaqlaşıb Demiana yaxınlaşır. Povest boyu yuxuların analizi məsələsinin sıx-sıx işləndiyi səhnələri görürük. Hessenin Yunq metoduyla müalicə aldığı dövrdə öz yuxularını da təhlil etməsi povestə təsirindən yan keçməyib. Yunq psixologiyasına görə fərdin yuxularında olan simvollar onun təhtəlşüurunun dərinliklərində gizlənmiş sirləri açığa çıxarmağa kömək edəcək, özünün də dediyi kimi, yuxu - kosmik gecəyə açılan və sizi ruhunuzun ən qiymətli və gizli məkanlarına aparacaq bir qapı rlunu oynayır. Hessenin də hər zaman marağında olduğu mənlik axtarışı prosesi "Demian" povestində məhz Yunq psixologiyası modelində qarşımıza çıxır. Sinclairin daxili və xarici dünyası arasındakı qarşıdurma, şüur və altşüuru arasındakı ziddiyyətləri bu iki qütb arasında körpü rolunu oynayan rəsm çəkmək məşğuliyyəti ilə həll olunur. Ehtimal olunur ki, burda da Yunqun özünü təhlil edərkən yuxulara və rəsmlərə müraciət etmək üsulu Hesseyə də ilham verib. Hesse Demianla ruhani məsələləri izah edərkən yuxu və rəsm əsərlərini birləşdirmə yolunu seçib. Bundan başqa əsərdə ana motivlərin sıx simvol hörgüsüylə işləndiyini hələ povestin əvvəllərindən izləyirik. Qnostosozmin təsiri ilə işlənmiş Qabil qissəsi, Abraxas anlayışı, quş və yumurta simvolları əsasında götürülən yenidən doğuluş motivi Yunq psixologiyasında kollektiv şüuraltının mifologiya tərkibli motiv və simvolları olaraq qəbul edilən arxiteplərin izlərini daşıyır. Sinclairin yaşadığı inkişaf dövrünə nəzər saldıqda sanki bu inkişafa bir psixoanalitik gözündən baxmaqdasan. Sinclairin yetişdiyi nöqtə Hesseyə görə psixoanaliz yolu ilə "mənə çatmış, kosmik mənlə bütünləşmiş" insandır. Sinclair nümunəsi ilə yazıçı sanki demək istəyir ki, bu cür inkişafla insan ancaq inkişaf müddətini tamamlayıb kosmik şüura çata bilər. Yeri gəlmişkən, kosmik şüur haqqında məlumatları "Aydınlanma səyahəti" (2016) kitabından oxuya bilərsiniz. Povesti çox sevdim, sizin də sevəcəyinizə şübhə etmirəm. "Hər insanın həyatı onu özünə aparan bir yoldur, bir sınaqdır, bir yol təcrübəsidir". Yolunuz uğurlu olsun!
Demian
DemianHermann Hesse · Can Yayınları · 20215,2bin okunma
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.