Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

213 syf.
10/10 puan verdi
Ovod
Hər insanın bir qəhrəmanı vardır. Elə bir qəhrəman ki, düşüncələrini, arzularını, sevinclərini, xəyallarını, ağrılarını, xəyal qırıqlıqlarını, qısaca özünü tapdığı, onun bütün hisslərini öz hissləri kimi yaşadığı bir qəhrəman... Oxuduğu yüzlərlə əsərin içində hər insanın seçdiyi, xüsusi dəyər verdiyi və özü üçün şedvr elan etdiyi yeganə bir əsəri vardır... Bu günə qədər sayını itirəcək qədər çox əsər oxumuşam... Sevdiyim çox əsər olub, təsirləndiyim, göz yaşlarına boğulduğum, təsirindən günlərlə çıxa bilmədiyim çox əsər... Ancaq bütün bu hisslərin pik nöqtəsini mənə yaşadan yeganə bir əsər var ki, o mənim şedvrimdir. Kimlərinə görə bəsit, kimlərinə görə mənasız, kimlərinə görəsə normal sayılan bir əsərdən danışıram sizə... Söhbət “Ovod” əsərindən gedir. Əminəm ki, çoxlarınız bu əsəri oxumusunuz və əminəm ki, onu sevənlər daha çoxdur, nəinki sevməyənlər. Mənimçün isə sevmək sözü bu əsər üçün ifadə olunacaq sözlərin ən sadəsidir. Çünki mən bu əsəri sadəcə oxumamışam, yaşamışam, hər kəlməsini, Ovodun yaşadığı bütün hissləri onunla bərabər yaşamışam... Bu əsərdən hər danışanda, hardasa söhbət düşəndə içimdə dərinlərdə gizlənmiş ağrılar çıxır ortaya. Qeyri – iradi göz yaşlarıma hakim ola bilmirəm. Beləliklə, bu gün sizə Ovodu - Artur Bertonu mənim gözlərimdən, mənim pəncərimdən tanıtmağa çalışacam. Əsər Etel Lilyen Voyniç tərəfindən yazılmış, 1897 – ci ildə ABŞ-da nəşr olunmuşdur. Bu əsər xanımın ideyaları, inqilabçı ruhu ilə səsləşir. Əsərdə “Gənc İtaliya” inqilabçı təşkilatının fəaliyyəti öz əksini tapmışdır. Əsəri yazarkən xanım Voyniç məhşur İtalya inqilabçıları Cüzeppe Madzini, Cüzeppe Haribaldinin həyatından da bəhrələnmişdir. Bu anlamda əsəri bioqrafik əsər də hesab etmək olar. Məncə, bu əsərin təsir gücünü artıran ən böyük səbəblərdən biridir. Əsərin qəhrəmanı 19 yaşlı Artur Bertondur. Artur xarakter etibarilə çox saf, sadə, həssas, inanclı bir insandır. O, anasını yenicə itirib və bu, onunçün çox böyük itkidir. Çünki həyatda ən dəyər verdiyi 3 insandan biri idi anası. Bu itkinin ağrısını azca da olsa xəfiflətmək üçün qəlbən bağlı olduğu ruhani atası Montenlliyə sığınır, bütün boş vaxtlarını onunla ruhani seminariyasında keçirir. Artur “Gənc İtaliya” təşkilatının üzvüdür. Bu təşkilat İtaliyanı düşmən müstəmləkəsindən azad etmək üçün yaradılmışdır və gizli fəaliyyət götərir. O, artıq təşkilatın gizli təşkil edilmiş yığıncaqlarında iştirak edir və burada öz məktəb yoldaşı Cemma ilə qarşılaşır. Artur Cemmanı gizli – gizli sevir. Qəribəsi də budur ki, Artur da, Cemma da ingilis olmaqlarına baxmayaraq məhz İtaliyanın azadlığı üçün mübarizəyə qoşulublar. Təşkilatın toplatılarının birində çox önəmli bir tapşırığın Artura deyil də, digər bir üzvə - Bollaya tapşırılması Arturun içdən – içə qısqancılığına səbəb olur. Lakin o tezliklə öz səhvini anlayır və günahlarını etiraf etmək üçün ruhani seminariyasına gedir. Ancaq artıq Montenelli burda yoxdur və Artur günahlarını, Bollaya qarşı qısqanclıq hissindən keçirdiyi vicdan əzabını yeni keşişə etiraf etməli olur. Bütün hadisələr də bundan sonra başlayır. Çünki Artur özü də bilmədən çox böyük təşkilati sirrin üstünü açmışdır. Arturun həbs olunması, həyatı ilə bağlı öyrəndiyi yeni sirlər onun bütün inanımını sarsıdır və ən dəhşətlisi də budur ki, ona yalan söyləyənlər bu dünyada ən çox inandığı insanlar – anası və Montenelli idi. Arturun Monteneliyə dediyi “Mən sizə Allaha inanan kimi inanırdım, amma siz ömrüm boyu mənə yalan demisiniz” sözləri onun nə qədər böyük xəyal qırıqlığı yaşadığını sübut edir. Bu ağır əzab, keçirdiyi dəhşətli sarsıntı onu yanlış qərarlar verməyə təhrik edir. 19 yaşlı bir gəncdən kim məntiqli davranış gözləyə bilər ki, üstəlik, belə bir vəziyyətdə?!. Həyatın çirkin üzüylə bağlı heç bir təsəvvürü olmayan, bu günə kimi sadəcə naz-nemətlə böyüyən, heç bir çətinlik görməyən bir gənc qarşısına çıxan ilk gəmiylə uzaqlara gedir. Arturun bu gəmiyə necə düşməsini oxuyanlar bilir, oxumayanlar isə mütləq oxusunlar və onda qaranlıq bütün məqamları özləri öyrənəcək, Arturu mütləq başa düşəcəklər. Artur məqsədinə çatmışdır, hər kəs onun öldüyünü düşünür. Beləliklə, dəhşətli bir yalan və saf bir inam təcrübəsiz bir gənci – Arturu - Ovoda (Mozalana) çevirmişdir. Arturun yoxa çıxdığı uzun illər başına daha dəhşətli hadisələr gəlir, hər addımda insanların vəhşilikləri, iyrəncliklərilə qarşılaşır, üst – üstə ağır fiziki və mənəvi əzablar yaşayır, ancaq məğlub olmur. İllər sonra Ovod kimi geri qayıdan Arturun keçmişiylə üzləşməsi, Cemma və Montenelli ilə qarşılaşması çox dəhşətli olur. Ancaq bunun da öhdəsindən gəlir. Çünki artıq o həyatı öyrənmişdir, ətrafında gördüyü çirkinliklərlə əylənəcək qədər, onlara qarşı mübarizə aparacaq, insanların mənəvi qüsurlarını üzlərinə çırpacaq qədər güclüdür, üstəlik inqilabın hərəkətverici qüvvəsidir... Ancaq qəlbindəki yaralar hələ də dəhşətli əzab verir ona. Arturu daha yaxından tanımaq onun əzablarına birbaşa şahid olmaq istəyənlər əsəri öz dilindən oxumalıdırlar. Əminliklə deyirəm ki, bütün bunlara biganə qala bilməyəcəklər... Arturun şəxsiyyəti, iradəsi, mübarizəsi, əqidəsi uğrundan ölümü belə gözə alması hər insanın, hətta hər inqilabçının bacaracağı xarakterik xüusiyyətlər deyil. Ona görə də Artur qəhrəmandır, öhdəsinə götürdüyü hər işi layiqincə yerinə yetirən bir qəhrəman. Sadəcə tək bir dəfə məğlubiyyətə uğrayaraq ki, bunun səbəbi ətrafındakıların hamısına sirr qalır. Bu səbəbi mən açıqlamayacam, mənə elə gəlir ki, bu əsərin sehrini tamam itirər. Sadəcə oxumağı tövsiyə eləyirəm dönə - dönə... Bu günə qədər sayını itirdiyim yüzlərlə əsər oxumuşam, təsirləndiyim, oxuyub da göz yaşlarına boğulduğum, yaralandığım yüzlərlə əsər, ancaq heç biri Ovodun mənə yaşatdığı sarsıntıları yaşatmayıb. Ovodu sizə anlatmağa hardan başlayım, necə başlayım, nədən başlayım bilmirəm. Yazdıqlarım o qədər mənasızdır ki, onun ağrılarının, acılarının yanında... Arturu anlamaq üçün onun yaşadıqlarını onunla bərabər yaşamalısan. Onun əzablarını öz əzablarınmış kimi dərindən hiss eləməli, dərindən yaralanmalı, bütün bunların öhdəsindən gələ bilmək üçün isə ən azı onun qədər güclü olmalısan... Əsəri artıq neçənci dəfə oxuduğumun sayını itirmişəm. Təkcə keçən il azı 6 dəfə yenidən oxudum bu əsəri və hər dəfəsində eyni ağrıları, eyni əzabları, eyni üsyankar ruhu yaşadım. Bütün bunlarla barışmaq çox ağır idi mənimçün... Hələ də barışdığımı söyləyə bilmərəm. Dəfələrlə oxumağıma rəğmən hər dəfəsində eyni hissləri ilk dəfə oxuyurmuşam kimi yaşadığım yeganə əsərdir Ovod. Əsər haqqında yazdıqlarım isə hiss elədiklərimin 100də 5.i belə deyil... Sonda isə əsərdən sevdiyim sitatları paylaşmaq istəyirəm... *** Həqiqət zəncirdə saxlanmalı köpəkdir. ***Bizim hər birimizin insanlıq ləyaqəti müxtəlif yollarla tapdalanır. ***Əgər həmişə cilov dartılarsa, dinc at da şahə qalxar. ***Yaxşı məqsəd üçün dalaşmaq – həyatın cöhvəridir. ***Yolun ortasına qoyulan daşın da ən yaxşı niyyətləri ola bilər, amma buna baxmayaraq yenə də ortalıqdan yığışdırmaq lazımdır. ***Axı ürək laldır. O səsini çıxara, qışqıra bilmir. O elə həmişə dözməlidir, dözməlidir, dözməlidir... ***Yalnız ən yaxşı çıxış yoludur deyə ölməyə haqqınız yoxdur ***Sevginizə layiq olan qadın... Ona hər gün rast gəlmək olmur. ***Mən öz payıma düşən işi yerinə yetirdim. Ölüm hökmüm də sübut edir ki, bu iş ləyaqətlə yerinə yetirilmişdir. ***Mənim bildiyim ən öldürücü silah varsa, o da gülüşdür. ***Məni vəhşi ölkələrin təbii gözəlliyindən daha çox oradakı tam azad həyat cəlb edir. ***Məncə, hökumətin öhdəsindən gəlmək hələ öz-özlüyündə bir məqsəd deyil, ancaq məqsədə doğru aparan bir vasitədir, bizim başlıca məqsədimiz – insanın insana olan münasibətini dəyişməkdir. ***Soruşma ki, yalan deməsinlər. ***Məsələ daxili zülmətdədir: orada nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq... susmaq...
Atsineği
AtsineğiEthel Lilian Voynich · Yordam Edebiyat · 20201,823 okunma
··
977 görüntüleme
İsmet Özel okurunun profil resmi
azerice bilmem, azerice bilmek için hiç çabada sarfetmedim ama yazdıklarınızı kelimesi kelimesine anladım. azerice türkçe osmanlıca ayrımları neyi ifade ediyor. bu türk dünyasındaki suni ayrılıklar ne zamandan beri başladı.
Şəhla Rşd okurunun profil resmi
Eyni dilin ayrı ayrı şivələri kimi düşünürəm, yaşadığı əraziyə, təsirə məruz qaldığı mədəniyyətlərə görə zamanla aşınmış, dəyişmiş, fərdiləşmiş. Azərbaycan türkcəsi Sovetlərdən sonra daha çox dəyişikliyə məruz qalıb. Sovetlərə qədərki dövrdə Osmanlı türkcəsinə daha çox yaxın idi. Hal hazırdaTürk, Azərbaycan və yanlış xatırlamıramsa, Qırğız türkcələri bir birinə daha çox bənzəyir, nəinki digər türk dilləri.
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.