Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ədəbiyyat tarixinin insanda əsərə maraq yaradan və iz buraxan 10 ən yaxşi unudulmaz giriş cümləsi. 1.Cerom Devid Selincer-Çovdarlıqda uçurumdan qoruyan Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona görə ki, belə şit şeylərdən zəhləm gedir, ikincisi də, əgər, burada mən öz valideynlərim barədə bir-iki qəşəng, gəlişi xoş söz desəm, onları oradaca ikiqat infarkt vurar. 2.Lev Tolstoy-Anna Karenina Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır. 3.Ceyn Ostin-Qürur və qərəz Hamı bilir ki, maddi imkanı olan gənc özünə arvad axtarmalıdır. Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa da, yeni bir məkanda yerləşməsindən sonra bu həqiqət ətrafda yaşayan ailələrin beynini o dərəcədə möhkəm məşğul edir ki, dərhal ona bu və ya başqa qonşu qızının halal şikarı kimi baxmağa başlayırlar. 4.Skott Fitscerald-Möhtəşəm Qetsbi İnsanın xüsusilə zehinli olduğu gənclik dövründə atamın bir məsləhəti uzun müddət yaddaşımdan silinmədi. — Əgər nə vaxtsa kimisə ittiham etmək fikrinə düşsən, — dedi, — unutma ki, səndə olan üstün cəhətlər dünyadakı bütün insanlarda yoxdur. 5.Frans Kafka-Çevrilmə Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca nəsə əcaib bir həşərata çevrildiyini hiss etdi. 6.Çarlz Dikkens-İki şəhərin hekayəsi Bu dövrlərin ən yaxşısı idi, həm də ən pisi, ağıl dövrü idi, həm də axmaqlıq, ümidlərin baharı idi, həm də ümidsizliyin qışı, həm hər şey qabaqda idi, həm də bizi gözləyən heç nə yox idi, hamımız bir başa cənnətə, ya da tam əksi olan yola gedəcəkdik-qısaca, hər şey bugünə o qədər oxşayırdı ki, səs-küylü ixtiyar sahibləri müqayisələrin yaxşı, ya pis olsun üstünlük göstərməyə edilməsi üçün dirəşirdilər. 7.Alber Kamyu-Yad Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram. 8.Qabriel Markes-Vəba günlərində eşq Labüd bir şey idi bu: acı badam qoxusu ona hər zaman uğursuz eşqləri xatırladırdı. Doktor Xuvenal Urbino illərdi özü üçün əhəmiyyətini itirmiş bir hadisə ilə bağlı təcili gəldiyi, hələ də qaranlığa gömülü otağa girdiyi an bu hissə qapıldı. Antil adalarından olan qaçqın, müharibə veteranı, uşaq fotoqrafı, şahmat oyununda ən yuxa ürəkli rəqibi qızıl sianidinin buxarı ilə özünü həyatın qoyduğu yadigarların işgəncəsindən xilas eləmişdi. 9.Corc Oruell-1984 Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini sinəsinə sıxıb addımlayan Uinston Smit özünü “Qələbə” yaşayış binasının şüşə qapısından tələsik içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu. 10.Şarlotta Bronte-Ceyn Eyr O gün gəzintiyə çıxmalı hava deyildi. Doğrudur, yarpaqları tökülüb çılpaqlaşan bağın cığırlarıyla səhər bir saata yaxın gəzmişdik, amma nahardan sonra (qonaq olmayanda, missis Rid naharı tez edirdi) soyuq qış küləyi qara buludları qovub göy üzünə gətirəndə elə şiddətli yağış başladı ki, ikinci dəfə gəzməyə çıxmaqdan söhbət gedə bilməzdi.
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.