Yazıçı Şəmil Sadiq ilə bağlı bizə lazım olan bir-iki məlumatı sizə vermək istəyirəm. Şəmil müəllim, 1978-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. BDU-nun "Filologiya" fakültəsində oxuyub. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə də çalışıb. Hədəf kursları və hədəf şirkətlərinin qurucusudur. Həyat yoldaşı Zülfiyyə xanımla birgə Azərbaycan dili dərslik və test-tapşırıq kitablarının müəllifidir.
Kitabın içindəki əksər hissələr yazıçının blog səhifəsində qeyd etdiyinin daha geniş formasıdır. Bu arada blog səhifəsi "shamil-sadiq.blogspot.com" dur. Ümumilikdə kitab xoşuma gəldi, ancaq bir neçə yerində "Kaş qarşımda olsa idi, mən də tez bu yazdığını təkzib edərdim." dedim. İndi isə Azərbaycan dili və ədəbiyyat müəlliminin, kurs rəhbərinin yazdığı kitabı tərifləmək kimi yersiz işdən əl çəkib, bəyənmədiyim o bir-iki nüans haqda danışmaq istəyirəm.
Birincisi o idi ki, kitabda əvvəldən axıracan düzgün təhlil etməyən, danlaq altında qalan, yalnış fikirlər yazan hər zaman qadınların olmasıdır. Nədənsə bu səhv edənlər hər zaman yazıçının qadın həmkarları olur.
İkincisi isə o idi ki, kitabın bir hissəsində məktəb müəllimlərindən danışılıb və köhnə, ədəbiyyatımızın inciləri olan şair-müəllimlər də yada salınıb. Burada pis heç nə yoxdur. Pisi ondadır ki, daha sonra da qeyd edilir ki, bəs ədəbiyyatımızda adı çəkilən adlı-sanlı bir qadın şair-müəlliməmiz yoxdur. Təbii olaraq, həmin hissəni oxuyub əsəbləşdim və ərinmədən oturub araşdırmağa başladım. Bilirsiz nə qədər şair-filoloq tapdım? Ancaq bunlardan Şəmil müəllimin bixəbər olduğuna inanmıram. Niyə bu məsələni bu şəkildə dilə gətirib, maraqlıdır?! Tapdığım xanımlar və onlar haqda məlumat verəcəm. Qısacıq bir qeyd edim ki; Şəmil müəllim yanılır. Min kişiyə dəyən xanım filoloqlarımız olub, heyif ki, yaşadıqları dövrün əzizliyinə uğrayıb unudulmağa məhkum olublar. Buna misal XVIII əsrdə yaşamış, 300-dən çox bayatısı olan filoloqumuz şairə Şəhrəbanu xanıma sırf şeir yazmaqdan əl çəkmədiyi üçün həyat yoldaşı tərəfindən ev həbsi verilir. İndi deyin görək, belə ər əlində qalan istedadı biz necə biləydik?! Mentalitetimizin, o dövrün sərt, iyrənc qanunlarından ötrü biz qadın şair-filoloqların əsərlərini bilmirik, onları tanımırıq.
Bəs, Şəmil müəllim, Nigar Rəfibəylini, Mirvarid Dilbazini, Mədinə Gülgünü, Məhsəti Gəncəvini, Əzizə Cəfərzadəni, Xurşidbanu Natəvanı, Heyran xanım Dünbulini, Tahirə Qürrətüleyn və s.ni də tanımırsız?!
Qadınlar hər zaman, hər dövrdə və hər an möhtəşəm varlıqlardır!