Viktor Hüqo ən çox sevdiyim yazarlardan biridir. Hüqonu onun Şah əsəri olan Səfillər romanı ilə tanıyıb sevmişəm. Bu dəfə də Səfillərdən öncə yazılmış “Paris Notr-Dam kilsəsi” əsərini oxuyub bitirdim. Tək kəlimə ilə mükəmməl əsər. Hüqonun 1831-ci ildə yazıb ərsəyə gətirdiyi bu əsər bu gün də, öz zirvəsini qoruyub saxlamaqdadır. Onun hər bir əsəri mənə görə insanlara həyat dərsidir. Roman əsasında həmçinin bir neçə film, opera, animasiya və teatr tamaşaları da çəkilmişdir.
Bu kilsəyə bəzən də “Paris Məryəm ana kilsəsi” də deyirlər. Qotik üslübda inşa edilmiş Notr-Dam kilsəsi Fransanın əsas simvolu hesab olunur. (Çox təəssüf ki, keçən il kilsə yanaraq məhv olmuşdur). XIX əsrdə bu kilsəni baxımsızlığına görə sökmək istəyiblər. Ancaq V.Hüqonun bu romanından sonra, Notr-Dam kilsəsinə baxış bucağı dəyişmiş, onun təmir olunmasında böyük rol oynamışdır. Roman xalqa bir mesaj idi. Roman yazıldığı dövrlərdə o qədər populyar olub ki, xalqın, ictimaiyyətin marağını özünə cəlb edə bilmişdir.
Bütün hadisələr XI Lüdoviq dövründə, Paris Notr-Dam kilsəsində baş verir. Əsər on bir bölümdən ibarətdir. Notr-Dam haqqında, abidələri, şəhərin tarixi haqqında ümumi mənzərə incəliyinə qədər təsvir olunsa da, həddən artıq uzadılsa da, darıxdırcı olmadı. Yazar yenə də digər əsərlərində olduğu kimi, burada da Fransanın o dövrdəki qarmaqarışıqlığına, ədalətsizliyinə, məhkəmələrdə baş verən haqsızlıqlara, ölüm cəzasının ağırlığına, haqsızlıq qarşısında acizliyə, cəmiyyətin laqeyidsizliyinə və bu kimi digər məsələlərə toxunub. Əsərin baş qəhramanları gözəlliyi ilə hər kəsi məftun eden qaraçı qızı Esmeralda və Qvazimodo olsalar da , məncə ordakı hər bir obraz baş qəhrəmandır. Çünki baş verən hadisələr hər kəsi əhatə edir. Bu elə bir sevgi hekayəsidir ki , zəncir kimi dolaşıq. Esmeraldanın gəncliyinin qarşılıqsız sevgisi, onu sevən bədheybət və bir də hər kəsin hörmət etdi keşiş Klod Frollo . Hansının sevgisi bəs təmiz idi ? Kvazimodo o qədər çirkin , bədheybətdir ki , hər kəs tərəfindən rədd edilir hətta cadugər deyirlər ona . Amma o bədheybətin bir də ürəyinin gözəlliyini , görün . İçində sönməyən acılarını görün . Bəs keşiş Klod ? Allaha bağlı olan , " mərhəmətli insan " bütün sevgisini allaha verən bu keşiş , Esmeraldanın gözəlliyi qarşısında nə qədər aciz imiş . Hələ bu sevgi yeniyetmə Esmeraldaya qarşı ehtirasla qarışıq bir hiss olarsa , o zaman insan nə qədər alçalarmış . Onda o " mərhəmətin " altında necə də böyük çirkinliklarin var olduğunu görərik . Klodun bu qarşılıqsız sevgisi gənc qızın həyatını alt - üst edəcək qədər iyrənc istəkdir . Bir də Esmeraldanın sevib aldandığı Feb var . Gənc qızın uşaq sevgisi necə də safdır ... ən çox məni üzən Kvazimodonun sonlara yaxın çarəsiz çırpınışları , Qudulanın ürək parçalayan fəryadı , Esmeraldanin gənc yaşında yaşadığı ağrılar oldu.