Gönderi

Üzü Şuşaya qılınan namaz
Ayaq altda Azərbaycanın xəritəsi. Üstündə işğal olunmuş bölgələrin, əsir və itkin düşənlərin, şəhid olanların adı yazılmış kağız, onun da üstündə Qarabağdan gətirdiyim balaca bir daş – möhür əvəzi... Göz yaşımla üzümə məsh çəkib üzü Şuşaya dayanıram... İqamə Allah böyükdür vətən bölünməzdir şəhadət verirəm ki Vətən şəriksizdir şəhadət verirəm ki Vətən anadır şəhadət verirəm ki Vətən üçün ölənlər bu yurdun ən layiqli övladlarıdır Qarabağa tələsin nicat tapmağa tələsin qurtuluşa tələsin cihad başlandı Vətən bölünməzdir Vətəndən başqa Vətən yoxdur Həmd Böyük və rəhim olan Allahın adı ilə ey bəndələr bilin və agah olun ki bizi satdılar qardaşlarımızı öldürdülər bacılarımızı əsir apardılar yurdumuzu yağmaladılar özümüzü didərgin saldılar o kəslər ki bizi yiyəsiz bildilər o kəslər ki başımızın üstündə tanrını görmədilər bir Allah şahiddir ki qisas qiyamətə qalmaz qiyamətə qalan qisasın cəzası ağır olacaq ikitərəfli olacaq Böyük və rəhim olan Allahın adı ilə ey bəndələr bilin və agah olun torpağı basılan kişi Tanrı qarşısında üzüqaradır şəhid olanların Tanrı dərgahında yeri ucadadır şəhid olmaqdan qorxmayın vətənini sevən Allahını sevər Allah böyükdür vətən bölünməzdir Rüku Eşq olsun Vətənə eşq olsun Vətənə cəmi şəhidlərin pak və müəqəddəs ruhuna salamlar olsun Qiyam Allah bizi bağışlasın Səcdə əvəzi Vətən anadır və şəriksizdir Vətən qarşısında baş əyirəm Vətən bölünməzdir İkinci rükət (Qünut) Ovcumun içinə baxıb gözlərimi yumuram: kəndimiz... evimiz... həyətimiz... babamın qəbri... evində diri-diri yandırılan Səfər əmi... qaçıb kəndin meşələrində gizlənən dəli Cəlal...əsirlikdə inləyən Səltənət... özünü qayadan atan Qəmzə arvad... Yazıq yurdum... Yetim məmləkətim... Allah bağışlasın bizi Allah keçsin günahımızdan Allah böyükdür, bağışlayandır Vətən bölünməzdir Təşəhhüd Şəhadət verirəm ki Vətəndən ayrı Vətən yoxdur Vətən şəriksizdir şəhadət verirəm ki şəhidlər Vətənin ən layiqli övladlarıdır onların pak və müqəddəs ruhuna salamlar olsun Salam Salam olsun ədalət savaşında həlak olanların müqəddəs ruhuna salam olsun Allahını və Vətənini sevən hər kəsə salam olsun bütün məzlumların yumruq kimi birləşəcəkləri günə Allah böyükdür Vətən bölünməzdir Dua: Yurdunda ölmək istəyən qocaların sozalan gözlərindən bizi hifz elə, İlahi... Əsirlikdə inləyənlərin, qəriblikdə torpağa tapşırılanların ahından hifz elə... Bizə nicat ver İlahi, nicat ver...
Şərif Ağayar
Şərif Ağayar
·
11 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.