Ancaq birdən gözünün qabağına gətirirdi ki, onun savadsız buraxdığı tələbələr sabah yüz minlərlə uşağı şikəst edəcək. Əgər bütün müəllimlər tələbkarlıqdan əl çəksələr, bizim axırımız nə olar? Adam gərək təkcə özünü yox, mənsub olduğu cəmiyyəti, xalqını düşünsün. Hatta o, bir dəfə yoldaşları ilə mübahisədə qızışmış, lap Oqtay Eloğlu kimi monoloq da demişdi: "Əgər sizin dediyiniz kimi etsək, ədaləti unutsaq, qəribə bir mənzərə yaranar. Elə bir gələcək yaradarıq ki, orada müəllim savadsız, müstəntiq savadsız, həkim savadsız, mühəndis savadsız, hakim savadsız, məhkum savadsız olar. Yox, bizə diplomlu savadsızların yığımından ibarət olan gələcǝk lazım deyil. Mən sizinlə razılaşıb belə bir fəlakətə dözə bilmərəm.
Ancaq mərhəmətə sığınmaq, kimdənsə sədəqə diləmək və nəhayət, kiminsə halalca payını əlindən almaq kişilikdən deyildi. "Başqasının fəlakəti Üzərində qurulan səadət əbədi ola bilməz!"
Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir" Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?