O da bircə günlüyə
Gələ bilsəydi indi
Görərdi ki,
Şaxtalar keçdi,
Hava isindi.
Görərdi ki, şeri
Neçə dillərdə əzbər olub,
Sevdiyi Bakı nə gözəl,
Yaşıl donlu şəhər olub.
Bu günün insanlarını görərdi.
Öz əlilə Vətən bağından
İstədiyi çiçəkləri dərərdi.
Ürəyi fərəhlə dolardı.
Gözlərində sevinc
Yazardı, yaradardı.
Sakit və dinc
Nə dilində giley qalardı,
Nə gözlərində kədər.
Oxşayardı könlünü
Dillərdə, dodaqlarda gəzən
Mikayıl Müşfiq imzalı
Nəğmələr.