Türk ədəbiyyatından oxuduğum azsaylı əsərlərdən biri olan "Kürk mantolu Madonna" mənə 3-cü dəfə oxumağıma rəğmən yenə dərindən təsir etməyi bacardı. Sanki rus ədəbiyyatı obrazları ilə bir yaxınlığı olan, melanxolik, tənha ruhunu bu dünyada bir nəfərdən başqa heç kəslə bağlaya bilməyən, hansısa bir naməlum "soyuqdəymə" xəstəliyindən əziyyət çəkən baş obraz – Raif Efendinin dərdinə şərik olmaq, onunla bu qədər yaxından tanış olmaq, ən məhrəm düşüncələrinə belə bələd olmaq, həyatda "onun kimi" insanların əslində necə ağlımıza belə gələ bilməyəcək dərin, özünəməxsus bir hekayələrinin olduğu düşüncəsini oxucunun beyninin bir kənarına yerləşdirə bilər, zənnimcə. Onun hamıdan qiymətli bir sirr kimi gizlətdiyi hekayəsinə maraq göstərən, onu tanımağa daha ilk gündən can atan, romanda adı belə keçməyən iş yoldaşının özünün də, kim bilir, nələr yaşadığı haqda düşünməyə sövq edə bilər hətta. Əsərin həyəcan doğuran hadisələr ardıcıllığı isə təhkiyəsinin təsir gücü ilə biraz da dəyərlənir, güclənir, onu oxunaqlı və axıcı, eyni zamanda düşündürücü edir. Və nə xoşdur ki, bu cür dəyərli bir əsər son illərdə geniş oxucu kütləsinə sahib olmağı bacarmışdır.