Kitab müəllifin eyni zamanda yaşadığı dövrün mürəkkəb və kəşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini bildirməsi, alovlu publisist və qızğın bir vətənpərvər olduğunu sübut edir. Müəllifin “Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan” (“Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri”) adlandırdığı bu kitabı real faktlar əsasında qələmə alınıb və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gercəkliyi ilə əks etdirir, bir sıra aktual mətləblərə aydınlıq gətirir.
Nəvvab türkcə qələmə aldığı bu əsərində öncə Şuşa qalasının Pənah xan tərəfindən inşa edilməsi və onun varisi İbrahim Xəlil xanın başına gətirilən müsibətlər haqqında qısa bilgilər verir, sonra isə birbaşa əsl mətləbə keçərək erməni-müsəlman davasının tarixçəsinə nəzər salır.