Mars... Ölümə doğru üz tutmuş əsrarəngiz planet... Çökməkdə olan bir mədəniyyət... Avtoritar, təkəbbürlü və mərhəmətsiz hakimiyyət.... Əzilən, üsyan etmək istəyən marslı yoxsullar... Hər şeyin başlaması üçün bir qığılcım yetərlidir. Bu qığılcımı isə iki dünyalının planetə gəlişi ilə hökmdarın qızı şahzadə Aelita yaradır...
Aleksey Tolstoyun 1923-cü ildə çap olunan "Aelita" romanı SSRİ-də ilk elmi-fantastik əsərlərdəndir. Əsər öz janrının ilkin nümunələrindən olmasına baxmayaraq, dünya ədəbiyyatında özünəməxsus yer tutur. Təsadüfi deyil ki, günümüzdə də verilməkdə olan "Aelita" elmi-fantastik mükafatı" bu romana və yazarı Aleksey Tolstoya ithaf edilib.
Rus romantizmindən İzlər daşıyan romanda həyəcanlı macəra ve döyüş səhnələrinin fonunda dramatik bir sevgi hekayəsinə şahid olacaqsınız. A.Tolstoy öz əsərində qurumuş, səhralaşmış Marsı və avtoritar rejimi dövrün ideologiyasına sadiq qalaraq kapitalizmin metaforu olaraq istifadə edir və sosial bərabərliyi təbəqələşmə probleminə həll yolu kimi göstərir.