Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.