Dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapılan güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür.Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam.
Əlbəttə, o demək deyil ki, həmin mən sumkamda güzgü gəzdirmirəm.