Növbəti dəfə eyni bağırtını eşitdikdə Binyamin artıq dözə bilmədi, sıçrayıb ayağa qalxdı, qapını nə vaxt açdığını, pilləkənləri nə cür düşdüyünü özü də bilmədi. Bir də gördü ki, yumruqlarıyla Cavanşirgilin qapısını söküb-dağıdır. Cavanşir qapını açar-açmaz, Binyamin qəfil bir sıçrayışla qapını aralayıb içəri soxuldu, sağ əliylə onun xirtdəyindən yapışıb divara dayadı: “Alçaq!!! Nə istəyirsən qızdan, əclaf!!!” Ləman qorxudan qışqırıb anasının ətəyinə sığındı. Binyamin çox möhkəm yapışmışdı, əsəbdən gözləri qan qoymuşdu, Şirindil özünü yetirməsəydi, o, az qala Cavanşiri boğub öldürəcəkdi, lakin Şirindilin cəhdlərindən çox, Nəstərənin reaksiyası Binyaminin qüvvətli qolunu boşaltdı. Nəstərən Ləmanı qucağına alıb irəli atıldı, gözlərindən yaş süzülə-süzülə, o miskin halıyla belə qürurlu danışdı: “Binyamin bəy, bu nə cürətdir?! Sizə bu icazəni kim verib? Xahiş edirəm, çıxın evimizdən!!!”