İslam aləmində Süleymin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur.Birçox tarixi hadisə və həqiqətlər incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.Kitabda həmçinin İslam,iman,onun şərtləri və dərəcələri,Allahın höccətləri,Allahın kitabının təfsiri,xilafət və imamət barədə müsəlmanların əqidələri,vilayət,on iki İmamların(ə)şəxsiyyətləri,elmin bəyanı,digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər,cənnət və cəhənnəm kimi əhəmiyyətli etiqadi mövzular öz əksini tapmışdır. Bununla yanaşı,xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələr,Peyğəmbərin(s) Bədr,Ühüd,Xeybər,Xəndək,Hüneyn,Təbuk kimi savaşlarından,Hüdeybiyyə sülhü və Məkkənin fəthi hadisələrindən,İmam Əlinin(ə) rəhbərliyi altında baş vermiş Siffin, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir.Həmçinin İslam tarixinin xilafət məsələləri,səhabələrin şəxsiyyəti və.s məsələlər oxucuya həmin dövr barədə geniş təəssürat bəxş edir.
Süleymin kitabının elmi dəyəri İmamlar(ə) və eləcə də bir çox alimlər tərəfindən təsdiq edilmişdir.Həmçinin Süleym bin Qeys`in İmam Əli(ə),İmam Həsən(ə),İmam Hüseyn(ə),və İmam Əli ibn Hüseyn Səccadın(ə) xas səhabələrindən və yaxın dostlarından biri olması da bu kitabın doğruluğunu təsdiq edən dəlillərdən biridir.
Belə ki İmam Cəfər Sadiq(ə) buyurur:
"Bu kitab şiənin əlifbası və Muhəmməd ailəsinin sirlərindən bir sirdir".
İmam Zeynülabidin(ə) kitabı Əbu Tufeyl və Ömər ibn Əbu Sələmədən 3 gün boyunca səhərdən axşama qədər dinlədikdən sonra onun haqqında belə buyurdu:
"Süleym doğru söyləmişdir.Allah ona rəhmət eləsin.Bunların hamısı bizim hədislərimizdir və bizim yanımızda mərufdur".
Əllamə Məclisi belə yazır:
“Süleym b. Qeysin kitabı son dərəcə məşhurdur. Bəziləri buna etiraz etsədə, doğru olan budur ki, bu kitab mötəbər Üsuli kitablarındandır”.
Hicri 4-cü əsr hədisşünas alimi Şeyx Muhəmməd ibn İbrahim ibn Cəfər ən-Numani belə yazır:
“Şiənin elm əhli arasında Süleym b. Qeys əl-Hilalinin kitabı üsulilərin ən qədim və böyük kitablarındandır”.