Sənə mən siz deyirəmsə, özümə biz mi deyim,
O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?
Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?
Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana aciz mi deyim?
Ayaq altında salar iz, deyilən söz havada,
Biri vardır, biri yox, iksinə də iz mi deyim?
Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
Bivəfadırsa əgər yar, O bilər- mən bilərəm
Ya vəfa əhdidi dildar, O bilər-mən bilərəm.
Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər-mən bilərəm.
Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər-mən bilərəm.
Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr, o bilər-mən bilərəm.
Dəstəmazım gözümün yaşı namazımdı mugam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.
Məni gah Tanrı cəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər-mən bilərəm.
Pünhanın eyiblərin yarə gedib kim saydı,
Kimə nə eybi əgər var, o bilər-mən bilərəm.