Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı müxtəlif mövzulu memuar-esse və hekayələri yer almışdır.
Gecə saat üç olardı. Sahil metrosunun yanı ilə üz qoyduq Tarqovıya tərəf. Gördük təmirə bağlanmış bir binanın qabağında sarı rəngli sement arabası var. Ortalıqda da ins-cins yox. Mühafizəçi də yatmışdı. Mövlud arabaya mindi. Mən sürməyə başladım. Düz Kukla teatrının yanına kimi. Sonra mən oturdum arabaya. Mövlud sürdü. Yolun qırağı ilə yavaş-yavaş getdik İçərişəhər metrosunun qabağına. Dincələ-dincələ şəhəri gəzdik o araba ilə. Bir-iki yerdə pivə də içdik. Sonra yenə arabamıza oturub yavaş-yavaş başladıq, türkün məsəli, bir-birimizi sürməyə.