Məşğul ailə

Kanq Conq-Yon
Kitabın ana fikri☆
"...Doğrudan məktəbdən verilən bütün tapşırıqlarını yerinə yetirmisən ? – Bəli. – Onda boş-bikar durma. Heç olmasa, əlinə bir kitab götür, oxu. Adətən, böyüklər uşaq "heç bir şey" etməyəndə belə deyirlər. Əgər heç bir şey etmirsə, deməli, edəcək bir şeyi yoxdur. Kitab görməyə bir iş olmadıqda deyil, oxumaq istədikdə oxunmalıdır. Əgər görüləcək bir işi yoxdursa, həmin vaxt nə etmək istədiyini özü seçməlidir. Uşaqlar "boş" duranda, bəlkə də, nə haqqındasa xəyal edirlər və yaxud nəsə narahatlıq keçirirlər. Bizə ürəklərini açıb deməyincə onların beyinlərində nələri fikirləşdiklərini anlaya bilmərik. Boş qalmağa imkan verməyən böyüklər ucbatından əylənib xəyallar qurmaq əvəzinə, gərəksiz işlərlə məşğul oluruq. Mən ana olanda uşağım "boş" durarsa, onu danlamayacağam. Əsla! Onun əvəzinə övladımdan qayğı ilə soruşacağam : -Nə haqda fikirləşirsən? İnsanlar boş duranda özlərini narahat hiss edirlər. "Görəsən niyə məşğul deyiləm ? Yoxsa bacarıqsız olduğuma görə belədir ? Boş dursam, mənə aciz kimi baxmazlar ? Birdən başqalarından geri qalsam, necə olacaq ? Hə, hansısa işlə məşğul olmaq lazımdır !" Nəyəsə başı qarışmayan, bir şeylə məşğul olmayan insanlara asanlıqla "tənbəl və bacarıqsız insan" damğası vurulur. Məhz bu səbəbdən insanlar tez-tez məşğulmuş kimi davranırlar, özlərini məşğulmuş kimi göstərirlər.