Bir tərəfdə heç bir dinə inanmayan Elxan,digər tərəfdə Atəşpərəstlərin sitayiş etdiyi Solmaz.Elxan ölüm ayağında belə heç bir dinə,hökmdara səcdə etməzkən, öz sevdiyi qadına baş əyib səcdə edir.Pyesdə Elxanın azadlıq arzusu,əhalinin çarəsizliyi,ərəblərin zülmü və s. bəhs olunur.
"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir.
1928-ci ildə dramaturq "Od gəlini" pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi.Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.