Sən mənim yazımda birinci yağış,
Sən mənim qışımda sonuncu qarsan.
Mən sənin odunla kül olan ocaq,
Sən məndən sonra da alovlanarsan.
Sən mənim alnımda pozulan yazı,
Sən mənim gəlməyən yuxularımsan.
Sən mənim ruhuma hakim kəsilən
Tükənmək bilməyən qorxularımsan.
Sən məndən uzaqda, lap çox uzaqda,
Şaxtalı gecədə ayım kimisən.
Sən mənim ömrümdə ən şirin yalan,
Sən mənim olmayan payım kimisən.
Sən mənim yetişə bilməyəcəyim
Şirin arzularım, xəyallarımsan.
Sən mənim oxuyub xoşbəxt olduğum
Yaşana bilməyən nağıllarımsan.
Sən mənim çarəsiz axan göz yaşım,
Sən mənim son sözüm, sən son
nidamsan!
Sən mənim dünyadan ayrı bir dünyam,
Sən mənim əlvidam, mənim vidamsan.
Sən mənim "sənsizlik" adlı şəhərim,
Sən mənim ən uzun gecələrimsən.
Sən mənim gizlincə qonaq olduğum
Dolaşıb gəzdiyim küçələrimsən.