Şair, dramaturq Həsənəli Eyvazlı 2004-2008-ci illərdə həyatdan nakam getmiş istedadlı gəncin həyatı və çoxşaxəli yaradıcılığından, şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs edən "Ərtoğrol Cavid, yaxud bir ailənin dramı" mənzum faciəsini qələmə almışdır. Əsərdən əvvəl verilmiş "Müəllifdən" adlı qeydlərdən əsərin yazılmasında müəllifin əsas məqsədinin Hüseyn Cavid ailəsinə qarşı xalqımızın qəlbində olan məhəbbəti bir az da artırmaq olduğu aydın olur. Əsərdə amansız repressiya dövrünün qurbanı olmuş böyük mütəfəkkir, şair, dramaturq Hüseyn Cavidin və onun ailə üzvlərinin faciəli taleyindən, 24 il qısa və mənalı ömür sürmüş Ərtoğrol Cavidin şair, bəstəkar və rəssam kimi fəaliyyətindən bəhs olunur. Müəllif həm də Cavidlər ailəsinin həyatlarındakı önəmli hadisələrdə aylar və rəqəmlər düzümünə də diqqəti cəlb edir - 59, 3 və 13 rəqəmlərinin sirli təkrarı və s. Əsərdə böyük vətən aşiqi bir şairin övladı kimi Ərtoğrol milli varlığımıza, xalq ədəbiyyatımıza, xalq musiqisinə, ədəbiyyat və incəsənətə qırılmaz tellərlə bağlı olan bir insandır.