İstedadlı balerina və gimnast Edit İger on altı yaşı olanda nasistlərin ölüm düşərgələrindən ən dəhşətlisi olan Auşvitzə salındı. Valideynləri qaz kamerasına göndərildiyi günün axşamı Edit “Ölüm mələyi” ləqəbli nasist zabit, həkim Yozef Mengelenin qarşısında rəqs edərək onu əyləndirirdi – sağ qalmaq üçün başqa yolu yox idi. Mengele onu bir kömbə çörəklə mükafatlandırdı və Edit hər kəsin aclıq çəkdiyi günlərdə onu məhbus yoldaşları ilə bölüşdü. Gələcəkdə ən çarəsiz günündə bu səxavəti onun həyatını qurtaracaqdı.
Edit keçdiyi möhtəşəm həyat yolundan danışarkən sağalmasına kömək etdiyi insanların təsirli hekayələri ilə də bölüşür. Onların öz zehinlərinin içində necə dustaq olduğundan və azadlıq açarını tapmağın yollarından bəhs edir. Editin pasiyentlərinin hekayələri sağalmanın müxtəlif mərhələlərini əks etdirir, insana öz inşa etdiyi həbsxanalardan necə qaçmağı və istənilən şəraitdə azadlığı seçməyi öyrədir. “Seçim” ümid və təsəlli bəxş edən, hər yaşda oxucunun həyatını dəyişməyə qadir olan kitabdır.