Azərbaycanın müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəm sözün dərin və həqiqi mənasında xəlqiliyi öz poeziyasının canına, qanına hopdurmuş coşqun təbli bir şair olmaqla yanaşı, həm də görkəmli dramaturqdur. O, hələ ilk yaradıcılıq illərindən dramaturgiyaya həvəs göstərmiş, bu janrda qələmini sınayaraq "Çimnaz xanım yuxudadır" adli bir pərdəli komediya yazmışdır. Əsər həmin ildə məhşur aktyor Mirzağa Əliyevin köməyi ilə "Tənqid-təbliğ" teatrında tamaşaya qoyulmuşdur. 1931-ci ildə Süleyman Rüstəm yazıçı Hacıbaba Nəzərli ilə birlikdə "Yanğın" pyesini qələmə almışdır. Lakin S.Rustami dramaturq olaraq şöhrətləndirən onun məşhur "Qaçaq Nəbi" mənzum dramıdır. Dramda şair-dramaturq xalq qəhrəmanı Qaçaq Nəbinin ədalətsizliklərə qarşı mübarizəsini təsvir etmiş,romantik qəhrəmanlıq üslubunda onun obrazını yaratmışdır.
"Seçilmiş əsərləri"nin bu cildində müəllifin dramatik növün müxtəlif janrlarında yaratdığı uğurlu nümunələrdən "Çimnaz xanım yuxudadır" (1922), "Qaçaq Nəbi" (1940), "Durna" (1947) və "Gəldi-gedər" (1955-1969) toplanmışdır.