Statistika həm təbiət elmlərində, həm də sosial elmlərdə geniş istifadə olunur. Bu qədər geniş tətbiq sahəsi olan və ali təhsil pilləsində zəruri nəzəri biliklərə də mühim yer verməklə, xüsusilə tətbiqi yöndən konkret sahələrdə, o cümlədən gündəlik həyatımızda istifadə edilməsi nəzərdə tutulan statistika elminin günün tələbləri istiqamətində öyrənilməsi üçün kitabların, dərs vəsaitlərinin hazırlanması bir zərurətdir. Təqdim olunan vəsait bu tələbatdan irəli gələrək yazılmışdır. Kitab, müəlliflərin Qafqaz universitetində statistika fənninin tədrisində istifadə etdikləri "Statistika" fənn proqramı əsasında hazırlanmışdır. Kitab, statistikanın öyrənilməsini asanlaşdıracaq şəkildə məntiqi ardıcılıqda bölmələrə ayrılmış, mövzuların öyrənilməsi üçün zəruri nəzəri məlumatlar verildikdən sonra həlləri ilə verilən çalışmalar, vizual öyrənmənin təmin olunması üçün şəkil və qrafiklər, daha sonra da sərbəst həll etmək üçün nəzəri-praktiki çalışmaların verilməsiylə daha da zənginləşdirilmişdir. Kitabda verilən tətbiqi məsələlərin çoxunun məlumatları elektronik şəkildə CD-də verilmişdir. Kitabdan daha səmərəli istifadə etmək üçün aşağıda verilən addımları təqib etmək tövsiyyə olunur: - Mövzunun əvvəlində verilən nəzəri biliklərin öyrənilməsi, - Mövzuya aid vizual (qrafik, cədvəl və s.) izahlar varsa, görmə yaddaşı sayəsində qavramanın daha qalıcı olduğunu nəzərə alaraq bu izahlarla baxılan mövzu və ya anlayışın öyrənilməsini gücləndirmək, - Həlli ilə verilən izahlı məsələləri oxuyub, uyğun interpretasiyaları sərbəst olaraq verməyə çalışmaq, - Mövzuya aid Excel səhifələri (Microsoft Excel komputer proqramı) ilə həll olunmuş məsələyə baxaraq, məsələlərin Excel səhifələri vasitəsilə həlli yolunu öyrənmək, - Sərbəst həll etmək üçün verilmiş məsələləri həll edərək və mövzunun iqtisadi tətbiqinə aid məsələlərdə interpretasiyalara, alınan ədədlərin iqtisadi, real mənalarına fokuslanaraq bilik və bacarıqların gücləndirilməsi. Əsasən iqtisadiyyat ixtisasları üçün hazırlanmış və xüsusilə tətbiqi məsələlərin həllinə yönəldilən dərslikdən yaxın sahələrdə oxuyan tələbələr və statistikanı tətbiqi tərəfiylə öyrənmək istəyən şəxslər də dəyərli bir qaynaq kimi istifadə edə bilərlər. Qeyd edək ki, Azərbaycan dilində yazılmış statistika haqqındakı kitablara bəzi terminlər müxtəlif formalarda daxil olmuşdur. Bu vəsaitdə üstünlük verilən terminlərlə yanaşı mötərizələrdə başqa alternativləri də qeyd olunmuşdur.