Xalqımızın dil yaddaşında maraqlı bir ifadə var: “Filankəs filankəsin qəlbində taxt qurub”. Taxt qurmaq necə olur? Taxt özü nədir? Metal yığını? Metal yığınını qəlbə necə yerləşdirmək olar? Axı taxtı şahlar, sultanlar qurar. Özləri də oturar o taxtı-tacın üzərində, ölkəni idarə edər. Qızıldan taxtı olmayanlar da “Qaynana” filminin Cənnət xalası kimi hündür bir yeri özünə taxt seçər, özünü də olduğu yerin hakimi elan edər.
Axı bütün bunlar maddi səslənir. Qəlbin maddi olanla işi nə? Qəlb mənəvi olanı istər. Qəlb mənəviyyatını zənginləşdirənə hörmət edər. Qəlbdə taxt qurmaq isə hər igidin işi deyil. Çünki qəlbin vahid bir qiyməti yoxdur ki, onu qızılla, daş-qaşla ələ alıb bəzəyəsən. Qəlb qazanmaq isə milyonlara dəyər bir fəzilətdir.
Dünya karvanı bizdən nələrisə alıb götürür, əvəzində nələrisə qazandırır. Bu karvanda dəvənin mahmızını möhkəm tutub onu məharətlə idarə edə bilənlərin maddi qazancı nisbətən çox olur. Əgər şəxs o qazancı xeyir əmələ, xoş işlərə xoş rəftarla sərf edirsə, həm öz vicdanını, həm könlünü xoş edir, həm də o yaxşılıqlara möhtacı olanların qəlbini qazanır, onların ruhuna sanki can suyu səpir.
Yurdumuz dünyada xeyir fikrin, xeyir əməlin, xeyir davranışların tez-tez müşahidə edildiyi bir torpaqdır. Yaddaşımızın çox uzaq deyil, elə yaxın keçmişinə nəzər salsaq, bu ölkəni abadlaşdırmaq, xalqı maarifləndirmək istəyən, yurdu qorumaq üçün əlindən gələni əsirgəməyən yüzlərlə insanın adını çəkmək mümkündür. Belə şəxslərdən biri də xeyirxah sözünün ekvivalenti olan ad kimi yaddaşımızda qalan Hacı Zeynalabdin Tağıyevdir.
Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonları, XX əsrin əvvəllərində varlanan onlarla milyonçudan biri idi. Bunu bilməyən var məgər? Yaxşı, bəs Hacını digər var-dövlət sahiblərindən nə fərqləndirirdi? Niyə filankəslər deyil, məhz onun adı